
Mənbələrin yaydığı məlumatlara görə, görüş olduqca konstruktiv atmosferdə keçib və tərəflər arasında səmimi, məzmunlu fikir mübadiləsi baş tutub. Xüsusilə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişaf etdirilməsi, eləcə də sülh sazişinin paraflanmasına dair müzakirələrin dərin və əhatəli olması danışıqların keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir.
Azərbaycan tərəfinin açıqladığı ilkin məlumatlara görə, əldə olunan razılaşmalardan biri də danışıqların davam etdirilməsi ilə bağlı olub. Bu razılaşmaya əsasən, tərəflər həm texniki səviyyədə – müvafiq işçi qruplar çərçivəsində, həm də yüksək siyasi səviyyədə dialoqu davam etdirəcək. Qeyd edək ki, Ermənistan tərəfi hələlik Zəngəzur dəhlizinin müzakirəyə çıxarılması ilə bağlı rəsmi açıqlama verməyib. Bu isə Azərbaycanın təşəbbüskar və irəliləyici mövqeyinin daha bir sübutudur.
Azərbaycan Prezidentinin liderliyi ilə son illərdə yürüdülən strateji xətt Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşmasında həlledici rol oynayır. İlham Əliyevin bütün beynəlxalq platformalarda ardıcıl şəkildə sülh çağırışları etməsi və Ermənistanla normallaşma istiqamətində təşəbbüskar çıxış etməsi onun bölgə üçün dayanıqlı və konstruktiv lider olduğunu sübut edir. Sərhədlərin müəyyənləşdirilməsi, iqtisadi layihələrin (o cümlədən Zəngəzur dəhlizinin) reallaşması və hüquqi sənəd formasında sülh razılaşmasının imzalanması Azərbaycan tərəfinin prioritetləri sırasındadır. Bu prioritetlərin danışıqlarda əsas müzakirə mövzusu olması Bakının prosesə nə dərəcədə təsir göstərdiyini bir daha təsdiqləyir.
Görüş nəticəsində yaranan yeni situasiya onu deməyə əsas verir ki, tərəflər artıq formal bəyanatlardan real konturlu danışıqlara keçid ediblər. Bu isə uzun illərdən bəri dondurulmuş vəziyyətdə olan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün mühüm şansdır. Azərbaycanın sülh təşəbbüslərinin Ermənistana təzyiq yox, fürsət kimi təqdim olunması rəsmi Bakının konstruktiv və praqmatik siyasətinin göstəricisidir. Həm region ölkələri, həm də beynəlxalq birlik bu təşəbbüslərin nəticə verməsini istəyir.
Paşinyan-Əliyev görüşü bir daha göstərdi ki, Azərbaycan yalnız hərbi-siyasi deyil, həm də diplomatik meydanda üstün mövqeyə sahibdir. Sülh sazişinin imzalanmasına doğru aparan bu yolda liderlik Bakının əlindədir və bu liderlik bölgədə sabitlik və inkişafın təminatına çevrilməkdədir.
Tehsil-press.az