Təlimə başlamazdan öncə, Naxçıvan Dövlət Universitetinin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxış edərək qeyd edib ki, ali təhsil ocağının strateji fəaliyyətində xarici dillərin tədrisi və keyfiyyətinin artırılması xüsusilə diqqətdə saxlanılır. Bu qəbildən olan fəaliyyətlərin davamı olan bu günkü təlim də alman dili müəllimləri, iştirakçı olan şagird və tələbələr üçün yeni bilgilər öyrənmək baxımından səmərəli platforma rolunu oynayır.
Alman Dili Tədris Mərkəzinin direktoru Zəhra Alıyeva Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə keçirilən təlim seriyasında çıxış etməkdən məmnun olduğunu söyləyib. Zəhra Alıyeva təlim iştirakçılarına müasir dövrdə alman dilinin perspektivlərindən və bu dil bilgisinə olan tələbat sferasından söz açıb. O, alman dili öyrənməyin təhsil və karyera sahəsində yeni qapılar açdığını qeyd edib və bu dilin də digər xarici dillər kimi öz tədris metodikası olduğunu bildirib.
Höte (Geothe) İnstitunun təhsil layihələri üzrə koordinatoru Luka Sepaşvili isə çıxışında, keçirilən təlimdə alman dilinə marağın yüksək olduğunu görməyin onda heyranlıq yaratdığını deyib. Bu cür yüksək səviyyədə təşkil olunan tədbirin təşkilinə görə Naxçıvan Dövlət Universitetinin rəhbərliyinə və əməyi olan əməkdaşlarına təşəkkürünü bildirib.
Günboyu davam edən altı təlim sessiyasında Naxçıvan Dövlət Universitetində alman dilini tədris edən müəllimlər, “Alman dili” ixtisasında təhsil alan tələbələr və muxtar respublikada alman dilini tədris edən orta məktəb müəllimləri iştirak ediblər. Həmçinin təlimdə muxtar respublikadakı orta məktəblərin, NDU nəzdində İngilis dili təmayüllü Gimnaziya və Beynəlxalq məktəbdə təhsil alan 7-14 yaşlı şagirdlərin də iştirakı təşkil olunub.
İnteraktiv təlimlər Alman Dili Tədris Mərkəzinin təlimçiləri və Höte (Geothe) İnstitutunun əməkdaşları tərəfindən verilib. Təlimlər ilə paralel olaraq Almaniyada təhsil imkanları və təqaüd proqramları haqqında info-sessiya da keçirilib.
Tədbirin yekununda isə təlim iştirikçılarına sertifikatlar təqdim edilib.
Tehsil-press.az