Azərbaycan 500 milyon kredit üçün Dünya Bankına müraciət etdi

Azərbaycan 500 milyon kredit üçün Dünya Bankına müraciət etdi Kredit vəsaitləri "Cənub qaz dəhlizi"nin reallaşmasına yönləndiriləcək.

Azərbaycan Dünya Bankından (DB) "Cənub qaz dəhlizi"nin (CQD) reallaşmasına 500 milyon dollar kredit cəlb etmək istəyir. Tehsil-press.az-ın məlumatına görə, bu haqda bankın Bakı nümayəndəliyindən məlumat verilib. "Azərbaycan tərəfi DB-yə müraciət edərək CQD-dəki payının maliyyələşdirilməsi üçün 500 milyon dollar kredit ayrılmasını istəyib", - deyə bankın nümayəndəsi bildirib. Onun sözlərinə görə, layihənin benefisiarı kimi "Cənub qaz dəhlizi" QSC çıxış edəcək.
Bankın nümayəndəsi qeyd edib ki, müsbət cavab alınacağı təqdirdə kredit vəsaitləri dövlətin zəmanəti ilə veriləcək.
"Layihənin hazırlanması ilə bağlı bütün məsələlərin, danışıqların aparılması və bankın direktorlar şurasının kreditin ayrılmasını təsdiqləməsinin 2016-cı ilin sonunadək yekunlaşdırılacağı planlaşdırılır", - deyə mənbə qeyd edib.
"Cənub qaz dəhlizi" layihəsi Azərbaycan qazının Türkiyə ərazisi ilə Avropa çatdırılması üçün boru infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 42-45 milyard ABŞ dolları civarında qiymətləndirilir.
Layihədə Azərbaycanın payı 14 milyard dollar təşkil edir ki, onların 7 milyard dolları borc vəsaitlərdən ibarətdir.


Tehsil-press.az

Oxşar xəbərlər