
Bu barədə Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərli e-huquq.az-a açıqlamasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif olunan dəyişikliklərdən danışıb.
O qeyd edib ki, dəyişikliklər həm vəkilliyin inkişafına təkan verəcək, həm də məhkəmə-hüquq sistemində aparılan islahatlara uyğunluq yaradacaq.
Ə.Qənbərlinin sözlərinə görə, 2018-ci ildən etibarən vəkillik institutu keçid mərhələsindən çıxaraq inkişaf dövrünə qədəm qoyub.
Əgər əvvəllər vəkilliyə daha çox pensiyaya çıxmış hüquq mühafizə və məhkəmə işçiləri maraq göstərirdisə, bu gün bu sahə gənclərin diqqət mərkəzindədir.
O, xüsusilə qanuna edilən vacib dəyişikliklərdən birinin vəkilliyə qəbul üçün tələb olunan hüquq stajının 3 ildən 1 ilə endirilməsi olduğunu vurğulayıb: “Bu addım gənclərin vəkilliyə marağını daha da artıracaq”.
Digər mühüm dəyişikliklərdən biri isə Kollegiyanın rəyasət heyəti sədrinin seçilməsində məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır.
Ə.Qənbərli bu dəyişikliyi demokratik seçki prinsiplərinin güclənməsi baxımından zəruri hesab edib.
Əziz Qənbərli həmçinin, vəkil sorğularının 7 iş günü ərzində cavablandırılması mexanizminin tətbiqini də müsbət addım kimi qiymətləndirib. Onun fikrincə, bu, vəkillərin sübut toplamasına ciddi dəstək olacaq. O, eyni zamanda, qanunda nəzərdə tutulmuş bu müddətə əməl etməyən qurumlara qarşı cəza mexanizminin də hazırlanmasının vacibliyini qeyd edib.
Bundan əlavə, hakimlik fəaliyyətinə xitam verilmiş şəxslərin test mərhələsindən azad olunmasının ləğvini də mühüm dəyişiklik kimi dəyərləndirən Qənbərli bildirib ki, bu, vəkilliyə qəbulda bərabərlik prinsipini qorumağa xidmət edəcək.
Sonda o qeyd edib ki, bütün bu dəyişikliklər vəkillik institutunun təbii inkişafından irəli gələn zəruri addımlardır və qəbul olunması vacibdir.
Tehsil-press.az