Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Fizika fakültəsinin tarixi, tanınmış məzunları, burada tədrisin təşkili, elmi fəaliyyət haqqında videoçarx nümayiş olunub.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov I kurs tələbələrini təbrik edib, BDU-nun tələbəsi adını qazanmağın qürurverici hadisə olduğunu qeyd ediblər. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov tələbələri Universitetin daxili nizam-intizam qaydaları ilə tanış edib, həmin qaydalara riayət etməyin zəruriliyini diqqətə çatdırıb. O, fakültədə fəaliyyət göstərən tələbə təşkilatları barədə məlumat verib, tələbələri həmin təşkilatların işində, həmçinin İdman-Sağlamlıq və Mədəniyyət-Yaradıcılıq mərkəzlərinin bölmələrində fəal iştirak etməyə dəvət edib.
Sonra BDU üzrə keçirilmiş “İlin gənc alimi” müsabiqəsinin qalibi, Fizika fakültəsinin məzunu, Nanomaterialların kimyəvi fizikası kafedrasının əməkdaşı Lalə Qəhrəmanlı təhsildə və elmdə uğur qazanmağın yolları barədə danışıb, tələbələrə tövsiyələrini çatdırıb. Fizika üzrə 2025-ci il Respublika Olimpiadasının qalibi, fakültənin IV kurs tələbəsi İsrafil Yusublu, qəbul imtahanlarında ən yüksək bal toplamış Səbuhi Qurbanov çıxışlarında Fizika fakültəsinin tələbəsi adını qazanmaqdan qürur duyduqlarını bildiriblər.
Tədbirin sonunda sözləri Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayevə, musiqisi Tarix fakültəsinin kafedra müdiri İqbal Ağayevə aid olan, xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi BDU-nun 105 illiyinə həsr olunmuş “Yaxşı ki varsan, universitetim!” adlı mahnı təqdim olunub.
Tehsil-press.az