Tanınmış tarixçi alim İlber Ortaylının Naxçıvan proqramı açıqlandı: Naxçıvan Dövlət Universitetində kitab təqdimatı və imza günü, yerli ictimaiyyətlə görüş

Tanınmış tarixçi alim İlber Ortaylının Naxçıvan proqramı açıqlandı: Naxçıvan Dövlət Universitetində kitab təqdimatı və imza günü, yerli ictimaiyyətlə görüş 20-23 sentyabr tarixlərində tanınmış türkiyəli tarixçi alim, Türk Tarix Qurumunun Fəxri Üzvü, yazıçı İlber Ortaylının Naxçıvana səfəri reallaşacaq. Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə dəvət olunan professor muxtar respublikada bir sıra görüşlər keçirəcək və çıxışları olacaq. Ali təhsil ocağı üçün xüsusi simvolik məna daşıyan səfərin əsas məqsədi universitetin tələbə və müəllim heyəti ilə yanaşı, bütövlükdə Naxçıvan ictimaiyyəti ilə görüşmək və onların suallarını cavablandırmaqdır.

Səfər çərçivəsində sentyabrın 21-i ilk olaraq Naxçıvan şəhəri ilə tanışlıq olub, tarixi Əlincə qalasına və Ordubad rayonuna səfər ediləcək. Növbəti gün, 22 sentyabrda Türk dünyasının böyük liderləri - Ulu Öndər Heydər Əliyevin adını daşıyan muzey, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət olunacaq.

Tanınmış tarixçi İlber Ortaylı səfər proqramının ikinci günü, 22 sentybarda Naxçıvan Dövlət Universitetinin nəzdində Beynəlxalq Kembric Məktəbində ali təhsil ocağının rəhbər heyəti, müəllim-tələbələri və şagirdlər ilə bir araya gələcək. Görüşdə alimin kitablarının təqdimatı və imzalanma mərasimi baş tutacaq.

Günün sonunda İlber Ortaylı Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında dəvət olunmuş yerli ictimaiyyətlə görüşəcək.

Qeyd edək ki, professor İlber Ortaylı 1947-ci ildə Avstriyanın Bregenz şəhərində anadan olub. Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsinn Tarix Bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor olan dünyaca məşhur alim bir çox elmi məqalələrin və kitabların müəllifidir. Professor zəngin elmi irsi, dünya tarixinin ən incə məqamlarına dair araşdırmaları, Osmanlı, Avropa və Şərq mədəniyyətinə dair dərin bilgiləri ilə tanınır. Onun yazdığı çoxsaylı əsərlər yalnız elmi dairələrdə deyil, geniş oxucu kütləsi arasında da böyük maraqla qarşılanır.

Kifayət Mahmudova


Tehsil-press.az

Oxşar xəbərlər