Tədbirin əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişafı, fermerlərlə tədarükçülərin əməkdaşlığına dəstək göstərmək, rayonlaşdırılmış sertifikatlı toxumlara fermerlərin əlçatanlığını təmin etmək, məhsuldarlığın artırılmasına dəstək vermək və bölgədə aqrar istehsalın davamlı inkişafını təşviq etməkdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və regionlarda bu kimi festivalların keçirilməsi fermerlərin bilik və bacarıqlarının artırılmasına, məhsuldarlığın yüksəldilməsinə və sahibkarlıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. İcra başçısı rayonun aqrar potensialı barədə məlumat verib. Qeyd edib ki, rayonda kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, toxumçuluğun inkişafına da xüsusi diqqət yetirilir. O, təşkil olunan toxum sərgi-satış yarmarkasının rayon və ətraf bölgələrdən olan fermerlərə keyfiyyətli toxum əldə etmək imkanı verdiyini vurğulayıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, il ərzində müxtəlif bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları maarifləndirici xüsusiyyəti ilə yanaşı, həm də aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gözəl nümunəsi rolunu oynayır. O, sertifikatlı toxumlardan istifadənin əhəmiyyətini vurğulayaraq, fermerlərin yeni texnologiyalar və innovativ yanaşmalarla tanışlığı baxımından belə tədbirlərin önəmini qeyd edib.
Yarmarkada Qarabağ, Mil-Muğan, Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları ilə yanaşı, müxtəlif dövlət qurumları və özəl şirkətlər də iştirak ediblər. Tədbir zamanı Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı vahid stenddə respublikanın müxtəlif bölgələrinə uyğunlaşdırılmış və sertifikatlaşdırılmış toxum sortları nümayiş olunub.
Yarmarka çərçivəsində fermerlərə əkin prosesində aqrotexniki qaydaların tətbiqi, torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçimi və düzgün qulluq tədbirləri barədə də geniş məlumat verilib. Fermerlərə bölgənin torpaq və iqlim şəraitinə uyğun “Qırmızıgül-1”, “Əsgəran”, “Onur”, “Alekseiç”, “Lucilla”, “Balaton”, “Maurizio” yumşaq buğda sortları, həmçinin “Qarabağ-22”, “Nuranə”, “İosif” və “Finola” arpa sortlarının istifadəsi tövsiyə olunub. Bildirilib ki, bu sortlar məhsuldarlığın yüksəldilməsi ilə yanaşı, yerli şəraitə yüksək uyğunlaşma qabiliyyəti ilə də seçilir.
Bununla yanaşı, “Zirvə Agro” şirkətinin aqronom mütəxəssisi tərəfindən “Yüksək məhsuldarlıq üçün düzgün toxum əkini və qulluq işləri” mövzusunda təlim keçirilib. Təlim zamanı fermerlərə torpağın hazırlanması, uyğun toxum sortlarının seçilməsi, səpin texnologiyası, gübrələmə və suvarma qaydaları barədə praktiki məlumatlar verilib.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi, Rayon İcra Hakimiyyətləri, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə cari il ərzində 3 iqtisadi rayon üzrə 4 rayonda toxum sərgi-satış yarmarkası keçirilib.
Tehsil-press.az