Qətnamənin “tüstüsü”: Almaniyanın səmimiyyəti, yoxsa Ərdoğan hakimiyyətinə cavab?

Qətnamənin “tüstüsü”: Almaniyanın səmimiyyəti, yoxsa Ərdoğan hakimiyyətinə cavab? Ötən günün mövzusu Almaniya Bundestaqının qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnaməni qəbul etməsi oldu.

Qətnamə böyük səs çoxluğu ilə qəbul edilər-edilməz, gözlənildiyi kimi, rəsmi Ankara Almaniyadakı səfirini geri çağırdı, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu addımın iki ölkənin münasibətlərinə mənfi təsir edəcəyini, Baş naziri Binəli Yıldırım bunun böyük səhv olduğunu, Xarici İşlər Nazirliyi isə Bundestaqın bu qərarının rüsvayçı olduğunu bəyan etdi. Türkiyəli rəsmilərdən hətta bir qədər irəli gedib Almaniyaya layiqli cavab veriləcəyini bildirən də oldu. Qarşı tərəfin rəsmiləri isə Türkiyə ilə münasibətləri pozmaq niyyətində olmadıqlarını elan etdilər.
Azərbaycan Xarici İşlər Nazirliyi də məlum qətnaməyə münasibət bildirdi - qeyri obyektiv, qərəzli!
Suallar isə az deyil. Almaniya parlamentinin uydurma soyqırımın "101 illiyi"ndə, həm də məhz "qeyri-yubiley günü"ndə belə bir qətnamə qəbul etməsinə səbəb nə oldu? Axı Türkiyə və Almaniya sıx əməkdaşlıq edən, o cümlədən yaxın ticarət tərəfdaşı olan ölkələrdir. Bəs Almaniyanı Ermənistanla nə, hansı sahə birləşdirir? Xatırlayırsınızsa, aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasında gərginlik artan kimi Ermənistan prezidenti Serj Sarkisyan dərhal Almaniyaya səfər etmiş, yüksək vəzifəli rəsmilərlə görüşmüşdü. Bu səfərin, ümumiyyətlə, Ermənistanın AFR üçün nə əhəmiyyəti var ki?

Qətnamənin “tüstüsü”: Almaniyanın səmimiyyəti, yoxsa Ərdoğan hakimiyyətinə cavab?

Yoxsa Bundestaq Almaniyanın əcnəbi vətəndaşlarının böyük hissəsinin türklər olduğunu, bu qərarın onların böyük etirazına səbəb olacağını, Türkiyənin Avropanın enerji təhlükəsizliyində olduqca vacib rol oynadığını, Cümhuriyyətin Avropa üçün Asiyaya, müsəlman dünyasına əsas qapılardan biri olduğunu və s. bilmir?
Bəlkə son vaxtlarda müsəlman miqrantların üzünə qapıları açan Angela Merkel hökuməti buna görə səngimək bilməyən yerli milliyyətçilərin, islamofobların alovlu etirazlarına bir qədər su səpmək istəyir? Yəni, "baxın, əslində dindaşlarımızın tərəfindəyik, bu da sənədli sübut - soyqırım qətnaməsi". Hər halda Almaniya parlamenti belə bir qərar qəbul edəndə Türkiyənin necə reaksiya verəcəyini çox gözəl bilirdi.
Bəlkə bu qətnamə Federal Respublikanın Cümhuriyyətə, məsələn, Ərdoğan hakimiyyətinin heç də birmənalı qarşılanmayan Yaxın Şərq siyasətinə və ya Avropa İttifaqı ilə bağlı son mövqeyinə, eləcə də Ərdoğanın qeyri-demokratik yolla hakimiyyətdə qalma müddətini uzatmaq cəhdlərinə "yüngül" cavab tədbiri idi?

Qətnamənin “tüstüsü”: Almaniyanın səmimiyyəti, yoxsa Ərdoğan hakimiyyətinə cavab?

Bütün sadalanan və sadalanmayan ehtimallar doğru ola bilər. Lakin ən doğru olan bir məqam var - qondarma "erməni soyqırımı" sadəcə təzyiq vasitəsi kimi seçilib. Almaniya parlamentinin səmimiyyətinə inanmaq ağılsızlıq olardı. 101 il əvvəl baş verməmiş hadisəyə görə qətnamə qəbul edən Bundestaq elə daim böyük dövlətlərin qazanı qarışdırmaq üçün çömçə kimi istifadə etdiyi ermənilərin 23 il əvvəl törətdiyi Xocalı soyqırımına niyə biganədir? Yoxsa soyqırım yalnız xristian qardaşlarına qarşı "törədiləndə" yada düşür?
Ümumiyyətlə, bilavasitə 2 dünya müharibəsinə başlamış Almaniyanın guya öz səhvlərindən nəticə çıxararaq hansısa uydurma soyqırımı qəbul etməsi nə dərəcədə məntiqlidir? Və ya, ümumiyyətlə, Avropanın soyqırımdan danışmağa haqqı varmı? Amerika qitəsinin yerli sakinlərini soyqırıma uğradan ingilislər, ispanlar, portuqaliyalılar, hindistanlılara gün işığı verməyən ingilislər, Afrikada qanı su yerinə axıdan italyanlar, fransızlar, eləcə də konqolulara qarşı heyvani münasibət göstərmiş belçikalılar - avropalılar bu gün hansı ədalətdən, demokratiyadan, soyqırımdan danışırlar? Almanların yəhudilərə kompensasiyasını istisna etsək (bu da geniş tarixi araşdırma mövzusudur), avropalılar əsrlərlə soyqırıma uğratdıqları hansı millətə kompensasiya verdilər?
Söz yox ki, Bundestaqın qəbul etdiyi sonuncu kağız parçası Türkiyəni nəyəsə, lap elə hansısa kompensasiya ödəməyə məcbur edə bilməz. Türkiyə-Almaniya münasibətlərinin də kəskin şəkildə pisləşəcəyi inandırıcı görünmür. Bəlkə qətnamənin "tüstüsü sonra çıxacaq?"


Tehsil-press.az

Oxşar xəbərlər