
Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı xüsusilə ağır cinayətlərə görə ölüm cəzasının bərpası ilə bağlı qanun layihəsinin hazırlanması göstərişini verib. Bu barədə ölkə başçısının mətbuat katibi Asqat Alagözov açıqlama yayıb. Məlumata görə, Prezident bu qərarı cəmiyyətin sarsıldığı dəhşətli bir hadisədən sonra verib. Belə ki, yetkinlik yaşına çatmayan Aysuluu adlı qız xüsusi amansızlıqla qətlə yetirilib. Dövlət başçısı cinayəti “insanlığa sığmayan və bütün ictimaiyyətin qəzəbinə səbəb olan” hadisə kimi dəyərləndirib və şəxsən nəzarətinə götürüb.
Qırğızıstan liderinin bu addımı təbii ki, mübahisələr doğurub. Ölüm hökmünün bərpasını dəstəkləyənlər deyirlər ki, bu, cəmiyyət üçün həm ədalət, həm də potensial cinayətkarlar üçün qorxuducu mexanizmdir. Əleyhdarlar isə hesab edirlər ki, ölüm hökmü cinayətlərin qarşısını almağa kifayət qədər təsir göstərmir və insan hüquqlarının kobud pozuntusuna gətirib çıxarır.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin prioritet istiqamətlərindən biri olub. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib və ömürlük azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.
Bu addım ölkəmizin insan hüquqlarına hörmət prinsiplərini gücləndirməsi kimi qiymətləndirilib.
Hazırda dünyada ölüm hökmünün tətbiqi ilə bağlı vəziyyət fərqlidir: 58 ölkə hələ də öz qanunvericiliyində ölüm hökmünü saxlayır, 32 ölkənin konstitusiyasında isə bu cəza, ümumiyyətlə, yoxdur. Avropada isə yalnız Belarus hələ də ölüm hökmünü icra edir. ABŞ-nin bir çox ştatlarında, Çində, İranda da ölüm cəzası tətbiq olunur.
Son illər ölkəmizdə də qadınlara və uşaqlara qarşı ağır zorakılıq və qətl hadisələri cəmiyyətin ciddi narazılığına səbəb olur. Cəmiyyət bu məsələyə iki cəbhədən yanaşır: bir tərəf deyir ki, belə amansız cinayətkarlar yaşamağa layiq deyil. İnsanlar düşünürlər ki, xüsusilə pedofil, uşaqlara və qadınlara qarşı amansız cinayət törədənlər üçün ölüm hökmü yeganə ədalətli cəza ola bilər.
Digər tərəf isə hesab edir ki, hüquqi dövlət prinsipləri, insan hüquqlarının qorunması və səhv məhkəmə qərarlarının qarşısı yalnız ölüm hökmünün ləğvi ilə mümkündür. Onların fikrincə, məsələ hüquqi və siyasi müstəviyə keçir. Çünki Azərbaycan Avropa Şurasının üzvüdür və öhdəlikləri var. Bu, həm beynəlxalq imic, həm də Avropa qurumları ilə münasibətlərdə ciddi problemlər yarada bilər.
Mövzunu şərh edən tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, Azərbaycanda ölüm cəzası rəsmən ləğv edilsə də, müəyyən istisna hallarda onun bərpası mümkün ola bilərdi: “Avropa İnsan Hüquqları Konvensiyasının ölüm cəzasının ləğvi ilə bağlı 6 saylı protokolunu Azərbaycan 2001-ci ildə ratifikasiya edib. Bu sənədlə ölkəmiz öhdəlik götürüb ki, ölüm cəzası tətbiq olunmayacaq. Amma həmin protokolda bir istisna var: müharibə gedən vaxt və ya müharibə təhlükəsi yarananda dövlət daxili qanunvericilikdə ölüm cəzasını bərpa edə bilər. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı da bu hüquqdan istifadə etmədi”.
Hüquqşünas əlavə edib ki, 2023-cü ildə Prezident İlham Əliyev Konvensiyanın 13 saylı protokolunu imzalayıb. Bu protokol ölüm hökmünün istisnasız şəkildə ləğvini nəzərdə tutur: “Protokol hələ Milli Məclisdə ratifikasiya olunmadığı üçün hüquqi qüvvəyə minməyib. Amma orada açıq şəkildə yazılıb ki, dövlət heç bir halda ölüm cəzasını bərpa edə bilməz. Bu, Azərbaycanın qəbul etdiyi siyasi kursun göstəricisidir. Yəni cinayətlərin ağırlığından asılı olmayaraq ölüm hökmünün ölkəmizdə bərpası real görünmür”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də açıqlamasında ölüm hökmünün bərpası ilə bağlı müzakirələrin zaman-zaman gündəmə gəldiyini xatırladıb: “Hətta tanınmış elm xadimləri, cinayət hüququ üzrə professorlar və praktik işçilər də bu məsələyə ikili yanaşırdılar. Kimisi ağır cinayətlərə görə ölüm hökmünü bərpa etməyin lazım olduğunu deyirdi, kimisi isə əksini düşünürdü. Mən hesab edirəm ki, bəzi ağır cinayətləri törədənlərə ölüm cəzası verilə bilər. Amma Avropa Şurasına daxil olarkən götürdüyümüz öhdəliklər buna imkan vermir”.
Ç.Qənizadənin sözlərinə görə, hazırda Avropa institutları ilə münasibətlərdə müəyyən gərginlik olsa da, proses tədricən normallaşır: “Azərbaycanın Avropa Şurasındakı fəaliyyəti dayandırılsa da, münasibətlərin yaxın gələcəkdə tənzimlənəcəyi gözlənilir. Biz AŞ-nin üzvü olduğumuz müddətdə ölüm cəzasının bərpasından söhbət gedə bilməz. Çünki götürdüyümüz öhdəliklər dəyişməz olaraq qalır”.
Qeyd edək ki, 2021-ci ilə qədər ölüm hökmündən ən çox istifadə edən 10 ölkə Çin, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, Somali, İraq, Yəmən, ABŞ və Cənubi Sudan olub.
Digər tərəfdən, dünyanın beş ölkəsi yalnız fövqəladə hallarda ölüm cəzası tətbiq edir. Bu ölkələrə Braziliya, Peru, Çili və Burkina Faso, həmçinin İsrail daxildir.
Tehsil-press.az