Bu barədə Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bugunku plenar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirdi.
Deputatın sözlərinə görə, müəllimlər ən az təminatı olan kateqoriyaya aid insanlar olurlar:
"Çünki bu sahədə müəyyən repititor fəaliyyəti ilə məşğul olanlar istisna olmaqla, digərlərinin gəlir səviyyəsi elə də yüksək olmur. Bu, bütün dövrlərdə belə olub. Biz o qənaəti niyə müəllim üzərindən etməliyik? Yaxşı olar ki, müzakirə olunanda onların bu vəsaitdən azad olunması məsələsi qoyulsun. Ən azından biz o xərci azaldaq ki, yaxşı müəllimi stimullaşdıraq, məktəbdə dərs deməyə müəllim həvəslə qoşula bilsin. Əgər bu qanun belə qəbul olacaqsa, heç olmasa, onun kateqoriyasını genişləndirməliyik. Məsələn, burada qeyd olunur ki, müharibə veteranlarına şamil olunmur. Birinci Qarabağ müharibəsindən danışsaq, artıq 60 yaşı var. Son Qarabağ savaşında isə o yaralanıb, müəllim işləyə bilmir və yaxud səhhəti imkan vermir. Heç olmasa, bunu onun övladına, ailəsinə şamil etmək lazımdır. Yaxud da təaqüdçülərin övladına bu imkanı yaratmaq lazımdır".
Qeyd edək ki, qanun layihəsinə əsasən, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahan ödənişli olacaq. Təqdim olunan dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Tehsil-press.az













