Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, ali məktəblərin əsas missiyası vətənpərvər, milli dəyərlərə sadiq, cəmiyyətin problemlərinə həssas gənclər yetişdirməkdir. Belə görüşlər gənc jurnalistlərin gələcək peşə fəaliyyətlərində də öz müsbət nəticəsini göstərəcək.
Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev fakültədə qazilərlə görüşlərin mütəmadi olaraq keçirildiyini deyib. Qeyd edib ki, tarixi Zəfərimizin beşinci ildönümündə təşkil edilən bu tədbirlər böyük əhəmiyyətə malikdir.
Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışında qeyd edib ki, qazilərin keçdiyi həyat yolu, döyüş təcrübəsi gələcək jurnalist nəslinə milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayır.
Qazi jurnalistlər - Baku TV-nin əməkdaşı Tarverdi Tarverdiyev və Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri, Jurnalistika fakültəsinin məzunu Mahal Məmmədov döyüş yolundan danışıb, jurnalistlik fəaliyyətləri ilə bağlı fikirlərini bölüşüblər.
Qazi jurnalistlərin övladları – Jurnalistika fakültəsinin I kurs tələbələri Məryəm Tarverdiyeva və Aytən Məmmədova çıxışlarında bildiriblər ki, Vətən müharibəsindəki tarixi qələbə bütöv Azərbaycan gəncliyi üçün ən qiymətli ərmağan, onu qorumaq isə hər kəsin vətəndaşlıq borcudur.
Tehsil-press.az








