BDU-da “Qələbə yolunda jurnalistlər” sənədli filminin təqdimatı olub

BDU-da “Qələbə yolunda jurnalistlər” sənədli filminin təqdimatı olub Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Qələbə yolunda jurnalistlər” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli, Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı jurnalist Əsgər İbrahimov, şəhid jurnalist Sirac Abışovun qardaşı Şirzad Abışov, fakültənin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb.
Giriş nitqindən sonra Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının “İxtisas yönümlü xarici dil” fənni üzrə II kurs tələbələrinin hazırladıqları sənədli filmə baxış keçirilib. Filmdə media nümayəndələrinin Vətən müharibəsində göstərdikləri şücaət, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun peşə fəaliyyətindən bəhs olunub.
Təqdimat barədə təəssüratlarını bölüşən Vüqar Zifəroğlu, Qulu Məhərrəmli, Allahverdi Məmmədli, Samir Xalidoğlu, Ramin Rzayev belə layihələrin yetişməkdə olan yeni nəsil jurnalistlərin həyatında mühüm rol oynayacağına əminliklərini ifadə ediblər. Onlar jurnalistikanın çətin, amma şərəfli peşə olduğunu vurğulayaraq, İkinci Qarabağ müharibəsində media təmsilçilərinin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərini, sənədli filmin qəhrəmanlarının peşə fəaliyyətini şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldıqlarını diqqətə çatdırıblar.
Şəhid jurnalistlərin yaxınları Əsgər İbrahimov və Şirzad Abışov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edərək belə layihələrin davamlı olmasını arzulayıb, bu ekran işinin gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün bir vasitə olacağını ifadə ediblər.
Tədbirdə iştirak edən AzTV-nin əməkdaşları Vüsal Qaraca və Samir Oruc şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşüb və sənədli filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərə təşəkkürlərini bildiriblər.
Sonda filmi ərsəyə gətirən fənn müəllimi Günel İlqar və Jurnalistika fakültəsinin ikinci kurs tələbələri dəvəti qəbul edib təqdimat mərasiminə gəldikləri üçün iştirakçılara minnətdarlıq ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər