Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli noyabrın 21-də Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında bu rayondan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiya ödənişləri, baytarlıq xidmətlərinin göstərilməsi, güzəştli şərtlərlə kredit ayrılması və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra Azad Cəfərli DAİM-in kollektivi ilə görüşüb, yeniliklər, iş prosesinin təşkili ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib. Görüşdə 1 Noyabr “Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə Kənd Təsərrüfatı Nazirliyində “Əməkdaşların Tanınma Proqramı” çərçivəsində keçirilmiş sorğu əsasında seçilmiş DAİM əməkdaşları təşəkkürnamələrlə təltif ediliblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Astara rayonunun Kələdəhnə kəndində yerləşən “Beluqa Astara” MMC-nin balıqartırma təsərrüfatı və həmin kənddə yerləşən 24 hektar intensiv naringi bağına baxış keçirib. Fermerlərlə görüşdə balıqçılığın inkişafı, bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, intensiv bağçılığın genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tehsil-press.az











