Bunu sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.
Sabir Rüstəmxanlı həyat yoldaşı, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının İranın Ali rəhbəri Əli Xameneinin vəfatının 40 mərasiminin Bakıda keçirilməsi ilə bağlı fikirlərini tənqid edənlərə belə cavab verib:
"Bəlkə siz yası keçirənlərin kimliyini və məqsədini bilmirsiniz? Hansı haqla bizi bu işlərə qatırsınız? Yas “simvolik məna daşıyır” demək yas keçirmək və ya ona haqq qazandırmaqdır? Bu sözü demək İran molla rejimini müdafiə etməkdir? Dil bilmirsinizsə, gedin oxuyun, dilimizi öyrənin! Gedin 28 il öncə və 4 ay əvvəl Xameneyiyə yazdığım açıq məktubları tapıb oxuyun! Görün kim indiki İran rejiminin düşmən mahiyyətini məndən artıq açıb göstərib, kim İran türklərinin hüquqlarını on illərlə ardıcıl şəkildə müdafiə edir? Biri türkçülüyümüzə dil uzadır, birə bizi İranpərəst sayır, digəri İran düşməni kimi haqqımızda fitva verir…Bu nə qaragüruhdur? Sizin ananız, bacınız, qızınız yoxdur? Zərrə qədər namusu, qeyrəti olan adam başqasının ailəsinə dil uzatmaz. Sürü təfəkkürü ilə yaşayan və uydurma kimliklərlə ortaya çıxanlar nə vaxta qədər üzdə olan adamlarımızı gözdən salmağa çalışacaqlar? Bu insan olana yaraşan işdir?".
Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda rəsmilərin iştirakı ilə anım mərasiminin keçirilməsi müzakirə yaratmışdı. Başqa dövlətin dini lideri üçün yas mərasiminin təşkili tənqid edilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı deyib ki, Əli Xameneinin vəfatının 40 mərasiminin ilk xarici ölkə kimi Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır.
Tehsil-press.az








