Murad Şükürlü: “Kino icmasında süni intellektə qarşı müəyyən önyarğı mövcuddur və bəzən bu, qeyri-ciddi qəbul edilir. Bəzi insanlar düşünürlər ki, süni intellektlə çəkilən filmlər ənənəvi filmləri üstələyəcək, bu isə narahatlıq yaradır”. Süni intellektin sürətlə inkişaf etdiyi son illərdə yaradıcı sənayelər, xüsusilə də kino sahəsi tamamilə yeni mərhələyə qədəm qoyur. Bu texnologiyanın imkanları həm istehsal prosesini çevikləşdirir, həm də yeni ifadə formaları yaradır. Azərbaycanda bu istiqamətdə atılan ən diqqətçəkən addımlardan biri də ölkədə və bütövlükdə Qafqaz regionunda ilk dəfə keçirilən süni intellekt əsaslı film festivalıdır. Söhbət “AİAZ” Film Festivalından gedir. Ötən ay kino ilə texnologiyanın unikal sintezini təqdim edən bu platforma yaradıcı şəxsləri və innovativ texnologiyaları bir araya gətirərək gələcəyin kino təcrübələrini nümayiş etdirib. Festivalın fəaliyyəti ilə bağlı “AİAZ” Film Festivalından təsisçisi Murad Şükürlü ilə söhbətləşdik.
Həmsöhbətimiz İncəsənət Universitetinin kinorejissorluq ixtisasını bitirdikdən sonra biznesin idarə edilməsi sahəsində təhsil alıb. O, kino sənayesində uzun illər fəaliyyət göstərib. Mədəniyyət Nazirliyinin Kino Agentliyində iş təcrübəsi olan Murad bəy həm yaradıcılıq, həm də təşkilati təcrübəsini süni intellekt əsaslı layihələrdə tətbiq edir.
Kino icması ilə süni intellekt yaradıcılığı arasında balans
- Murad bəy, Qafqazın və regionun ilk süni intellekt əsaslı film festivalının ideyası necə yarandı?
- Əslində, festival konsepsiyası əvvəldən vardı, amma son üç ildə süni intellektin sürətlə trendə çevrilməsi bizə əlavə stimul verdi. Bu texnologiyanın imkanlarını öyrənərək və tətbiq edərək, film festivalını həm yenilikçi, həm də yaradıcı bir platforma kimi təqdim etmək istədik. Süni intellektin film istehsalına gətirdiyi imkanlar bizə texniki və vizual baxımdan yeni imkanlar açdı.
- Festivalın əsas məqsədi nədir və süni intellektin kino sahəsində rolu necə təqdim olunur?
- Festival vasitəsilə yaradıcı şəxsləri və innovativ texnologiyaları bir araya gətirərək gələcəyin kino təcrübələrini nümayiş etdirməyi hədəfləyirik. Məqsədimiz festivalda nümayiş olunan filmlərin tamamilə süni intellekt vasitəsilə hazırlanmasıdır. Konsepsiyamız uzunmüddətli perspektivdə həm ənənəvi üsullarla çəkilmiş, həm də süni intellektlə hazırlanmış filmləri qəbul etməyə imkan verir. Eyni zamanda, qiymətləndirmə prosesində qarşılıqlı yanaşma tətbiq edirik. Süni intellektlə tərtib olunmuş filmləri ənənəvi kino sahəsində təcrübəsi olan jüri, ənənəvi filmləri isə süni intellekt əsaslı jüri qiymətləndirir. Bu yanaşma kino icması ilə süni intellekt yaradıcılığı arasında balans yaratmağa və qarşılıqlı anlaşmanı təşviq etməyə xidmət edir.
“Azərbaycanda daha mühafizəkar yanaşma mövcuddur”
- Kino icmasında süni intellektə qarşı önyarğı mövcuddur deyirsiniz. Bu önyarğını qıra bilirsiniz?
- Bəli, kino icmasında süni intellektə qarşı müəyyən önyarğı mövcuddur və bəzən bu, qeyri-ciddi qəbul edilir. Bəzi insanlar düşünürlər ki, süni intellektlə çəkilən filmlər ənənəvi filmləri üstələyəcək, bu isə narahatlıq yaradır. Lakin mən hesab edirəm ki, süni intellektin belə bir iddiası yoxdur. İstər ənənəvi, istərsə də süni intellektlə çəkilən filmlərin öz yeri var. Süni intellekt ənənəvi filmləri əvəz edə bilməz, amma inkişaf etdirə bilər. Gələcəkdə hansı formatın daha geniş yer tutacağını zaman göstərəcək. Biz isə indidən kino icmasında süni intellektlə hazırlanmış filmlərə qarşı qarşılıqlı münasibət yaratmaq və bu texnologiyanın kinematoqrafiyaya inteqrasiyasını asanlaşdırmaq istəyirik.
- Süni intellekt kino sənətinə hansı fürsətləri gətirir?
- Məncə, süni intellektə kino sahəsində iki aspektdən yanaşmaq lazımdır. Birincisi, təşkilati məsələlərdə istifadəsi, ikincisi isə birbaşa kinonun tərtibatı və vizuallaşdırmada tətbiqidir. Təşkilati məsələlərdə süni intellekt bizə inanılmaz sürət və büdcə qənaəti təmin edir. Vizuallaşdırma baxımından isə bu keçid dövrü müxtəlif vizual qrafiklər və texnologiyalar vasitəsilə həyata keçirilir. Lakin süni intellektin yaratdığı vizuallar hələ ki, ənənəvi kino qədər tam qəbul olunmur. İnanıram ki, zamanla bu oturuşacaq. Həm izləyici vərdişləri süni intellektin yaratdığı vizualları qəbul edəcək, həm də texnologiya təkmilləşərək izləyici gözləntilərinə uyğun nəticələr verəcək. Dünyada bu tendensiya müşahidə olunur, lakin Azərbaycanda daha mühafizəkar yanaşma mövcuddur.
“Süni intellekt sahəsində işləyənlərin çoxu kinodan uzaqdır”
- Sizcə, festivalın yerli süni intellekt kinematoqrafçılarının ortaya çıxmasına təsiri nə olacaq?
- Bu festivalda mənim üçün əsas məsələ, komanda olaraq Azərbaycanda və eyni zamanda Qafqazda ilk süni intellektə fokuslanmış film festivalını həyata keçirmək idi. Əsas məqsəd isə yerli süni intellekt kinematoqrafçılarının ortaya çıxmasına şərait yaratmaqdır. Məsələn, rəssam, yazıçı və şair dostlarım var. Festivaldan əvvəl onlardan soruşurdum ki, hansı mərhələdə şair ,yaxud yazıçı olmağa qərar verdiniz? Hamısının cavabı eyni olurdu. Deyirdirlər ki, müsabiqədə yer tutdum, festivalda qalib gəldim, özgüvənim yarandı və işimə qiymət verildiyini anladım. Süni intellekt sahəsində işləyənlərin çoxu kinodan uzaqdır, bəzilərinin kino təhsili yoxdur. Onları dizayn, fotoqrafiya və digər vizual sahələrdən öz maraqları bu sahəyə gətirib. Biz də onları istiqamətləndirməyə çalışır, göstəririk ki, əlinizdə çox dəyərli alətlər var və bunları kino istiqamətində istifadə etsəniz, dünya bazarına çıxmaq mümkündür. Əminəm ki, beş il ərzində ən yaxşı süni intellekt sənətçiləri Azərbaycandan çıxacaq.
- Festivalın miqyasını genişləndirmək üçün hansı ölkələri və iştirakçı qrupları hədəf alırsınız?
- Bu il festivalımıza təxminən 10-a yaxın ölkədən müraciət qəbul etmişdik və iştirakçıların müxtəlif təcrübə səviyyələrindən olmasına diqqət yetirmişdik. Gələcək illərdə isə planımız həm qonşu ölkələrdən, həm də MDB ölkələrindən iştirakçıları festivalımıza cəlb etmək, onların fiziki olaraq tədbirə qatılmasını təmin etməkdir. Bu, yalnız festivalın beynəlxalq miqyasını genişləndirmək deyil, həm də regiondakı süni intellekt kino icmasını bir araya gətirmək məqsədi daşıyır. Bundan əlavə, festivalın keçirilməsindən kənar dövrlərdə də iştirakçıları müxtəlif müsabiqələrə cəlb etməyi düşünürük. Bu müsabiqələr onların bacarıqlarını təzələməyə, yeni texnologiyalar və yaradıcılıq metodları ilə tanış olmağa, həmçinin öz işlərini daha da inkişaf etdirməyə imkan verəcək. Beləliklə, festival yalnız bir tədbir deyil, həm də davamlı inkişaf platformasına çevriləcək.
Tehsil-press.az













