Prezident İlham Əliyevin qəti mövqeyi: beynəlxalq ikili standartlardan Qələbəyə gedən yol - TƏHLİL

Prezident İlham Əliyevin qəti mövqeyi: beynəlxalq ikili standartlardan Qələbəyə gedən yol - TƏHLİL Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yalnız döyüş meydanında deyil, siyasi və diplomatik müstəvidə də qətiyyətli iradə nümayiş etdirdiyini bir daha təsdiqlədi. Dövlətimizin başçısı Ermənistanın işğal siyasətinin arxasında dayanan beynəlxalq dəstəyin mahiyyətini faktlarla ifşa etdi və Azərbaycanın bütün bu təzyiqlərə baxmayaraq necə qalib gəldiyini aydın şəkildə ortaya qoydu.

Bu sözlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Prezident İlham Əliyevin qəti mövqeyi: beynəlxalq ikili standartlardan Qələbəyə gedən yol” sərlövhəli məqaləsində yer alıb. Hemin məqaləni təqdim edirik.

Ermənistana göstərilmiş genişmiqyaslı beynəlxalq dəstək

Ermənistan–Azərbaycan münaqişəsinin uzun illər davam etməsinin əsas səbəblərindən biri Ermənistanın arxasında dayanan genişmiqyaslı beynəlxalq siyasi, hərbi və maliyyə dəstəyi olub. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəstək olmasaydı, Ermənistan işğal olunmuş əraziləri bu qədər uzun müddət nəzarətdə saxlaya bilməzdi. Siyasi müstəvidə Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qorunur, işğal faktına baxmayaraq ona qarşı real sanksiyalar tətbiq edilmirdi. Bu ikili standartlar Ermənistanı kompromisdən uzaqlaşdırır və cəzasızlıq hissini gücləndirirdi.

Hərbi və maliyyə dəstəyi də işğalın əsas dayaqlarından idi. Milyardlarla dollar dəyərində silahlar verilmiş, “humanitar yardım” adı altında toplanan vəsaitlər separatçı rejimin saxlanılmasına yönəldilmişdi. Beynəlxalq vasitəçilərin bu proseslərə göz yumması münaqişənin uzadılmasına xidmət etdi.

ATƏT-in Minsk qrupunun mahiyyəti: həll yox, işğalın əbədiləşdirilməsi

1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu rəsmi olaraq sülh məqsədi daşısa da, faktiki fəaliyyəti işğal vəziyyətinin qorunmasına xidmət etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qurum beynəlxalq hüququn prinsiplərinə deyil, status-kvonun saxlanılmasına üstünlük verdi.

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələri icrasız qaldı. Danışıqlar illərlə imitasiya xarakteri daşıdı və real nəticə vermədi. Bu yanaşma Ermənistanı kompromisdən daha da uzaqlaşdırdı. Nəticədə Minsk qrupu münaqişənin həllinə deyil, onun dondurulmasına xidmət edən təsirsiz mexanizm kimi tarixə düşdü.

2020-ci il dekabrın 12-də Prezident İlham Əliyevin səsləndirdiyi bu bəyanat vasitəçilik dövrünün başa çatdığını açıq şəkildə göstərdi. Azərbaycan artıq ərazi bütövlüyünü öz gücü ilə bərpa etmişdi və köhnə status-kvonun bərpasına imkan verməyəcəyini bəyan etdi. Bu mövqe Azərbaycanın qalib dövlət kimi öz şərtlərini diktə etdiyini, suverenliyə hər hansı müdaxiləni qəbul etməyəcəyini nümayiş etdirdi. Bəyanat həm Ermənistan, həm də onu dəstəkləyən dairələr üçün qəti siyasi mesaj oldu.

Azərbaycanın ardıcıl və prinsipial siyasəti nəticəsində 2020-ci ildə Qələbə əldə olundu, 2023-cü ildə isə suverenlik tam bərpa edildi. Bununla da münaqişə faktiki olaraq başa çatdı və Minsk qrupunun mövcudluğuna ehtiyac qalmadı. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu qurumun ləğvi prosesi başa çatdırıldı və 2025-ci il dekabrın 1-də rəsmiləşdirildi. Bu qərar Azərbaycanın Qələbəsinin və yeni reallıqların beynəlxalq səviyyədə təsdiqi oldu.

Ermənistana silah yardımı və xarici muzdluların iştirakı

Ermənistanın işğal siyasətində Rusiyanın hərbi dəstəyi mühüm rol oynayıb. 1998-ci ildə təxminən 1 milyard dollar dəyərində silah verilməsi Ermənistanın real maliyyə imkanlarını aşan silahlanmanın xarici mənbələr hesabına aparıldığını göstərirdi. Sonrakı illərdə də bu proses davam etdi. Xüsusilə Minsk qrupunun həmsədri olan bir dövlətin Ermənistanı silahlandırması vasitəçilik prinsipləri ilə açıq ziddiyyət təşkil edirdi.

Ermənistanın “İskəndər-M” raketlərindən istifadə etməsi və Şuşanın bu silahla vurulması beynəlxalq hüququn kobud pozuntusu idi. Bu raketlərin ixracı qadağan olunduğu halda, onların Ermənistana verilməsi ciddi suallar doğurdu. Hərbi Qənimətlər Parkında nümayiş etdirilən raket qalıqları bu faktın real sübutu oldu və Ermənistanın qadağan olunmuş silahlardan istifadə etdiyini təsdiqlədi.

44 günlük müharibə zamanı Ermənistana Rusiya və İran üzərindən silah daşınması faktları beynəlxalq media və açıq mənbələr tərəfindən sənədləşdirildi. Bu daşınmalar münaqişəyə xarici müdaxilənin mövcudluğunu açıq şəkildə göstərdi.Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa əsaslanan legitim hərbi əməliyyatlarla Qələbə qazandı.

Müharibə zamanı məhv edilən və qənimət götürülən silahların ümumi dəyəri 5–6 milyard dollar təşkil edib. Bu, Ermənistanın illərlə hansı miqyasda və hansı mənbələr hesabına silahlandırıldığını açıq şəkildə nümayiş etdirdi. Bu texnikaların bir hissəsi Hərbi Qənimətlər Parkında sərgilənərək beynəlxalq ictimaiyyət üçün də əyani sübut rolunu oynayır.

Münaqişə başa çatmasına baxmayaraq, Fransa və Hindistanın Ermənistanı silahlandırması revanşist meyilləri gücləndirir. Ermənistanın maliyyə imkanları ilə bu silah müqavilələri arasındakı uyğunsuzluq bu dəstəyin siyasi motivli olduğunu göstərir. Bu yanaşma regionda sülhə deyil, yeni risklərə xidmət edir.

Müharibə zamanı Ermənistan tərəfdə xarici muzdluların iştirakı barədə məlumatlar beynəlxalq hüququn pozulduğunu göstərirdi. Bu fakt münaqişənin yalnız regional deyil, daha geniş geosiyasi xarakter daşıdığını sübut etdi.

Qələbəyə aparan yol

Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı və ordusu tarixi ədaləti bərpa etdi. Bu Qələbə yalnız hərbi gücün deyil, milli iradənin, birlik və qətiyyətli liderliyin nəticəsi oldu. Azərbaycanın Zəfəri milli qürurun, azadlıq iradəsinin və gələcəyə inamın parlaq təzahürü kimi tarixə düşdü.

Tehsil-press.az

Oxşar xəbərlər