Tədrisdə dəyişiklik anonsu

Tədrisdə dəyişiklik anonsu “Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür”.

Bu fikirləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib.

Dövlət başçısı bildirib ki, rəqəmsal inkişaf fonunda kadr potensialının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Nəzərə alsaq ki, bu, uzunmüddətli prosesdir və yalnız genişlənəcək,
gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac yaranacaq”.

Elçin Əfəndi: "Təhsil sferasında dəyişiklik mütləqdir, valideynlərə yazığınız gəlsin..."

Prezident vurğulayıb ki, rəqəmsal bacarıqların formalaşdırılması orta məktəb səviyyəsindən başlamalıdır. Onun sözlərinə görə, şagirdlərə ilkin biliklərin aşılanması məqsədilə tədris proqramlarına da müəyyən dəyişikliklərin edilməsi zəruridir.

Beləliklə, dövlət başçısının çıxışı təhsil sistemində, xüsusilə də rəqəmsal sahə üzrə kadr hazırlığında yeni mərhələnin başlanacağından xəbər verir.

Təhsil eksperti Elçin Əfəndi açıqlamasında bildirib ki, növbəti tədris ilindən etibarən təhsil müəssisələrində süni zəka əsaslı müvafiq bilik və bacarıqların şagirdlərə ötürülməsi nəzərdə tutulub: “İnformatika fənninin dərs saatında artım ola bilər. İlkin biliklərin formalaşması üçün “Həyat bilgisi” dərsliklərində də müəyyən qədər mövzuya toxunmaq olar. O cümlədən süni zəka əsaslı dərnək saatı təyin etmək də mümkündür. Bu istiqamətdə şagirdlərdə süni zəka və onun texnoloji alətləri haqqında bilik və bacarıqların formalaşdırılmasına ehtiyac var.

Dövlət başçısının müvafiq tapşırığı əsasında bir müddət bundan Süni Zəka Mərkəzi fəaliyyətə başladı. Dövlət vətəndaşların, xüsusən də yeni nəslin nümayəndələrinin bu istiqamətdə biliklərinin formalaşmasında maraqlıdır.

Növbəti tədris ilində ali təhsil müəssisələrində informatika fənni əsas fənn kimi və ya süni zəka əsaslı rəqəmsal bacarıqlar fənni tədris oluna bilər. Bununla bağlı Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən dərsliklərdə müəyyən dəyişikliklər edilməli, orada süni zəka mövzuları yer almalıdır. Yaxın dövr ərzində fəaliyyət planı hazırlansa, növbəti tədris ilindən etibarən biz bunların reallaşmasını görə bilərik”.

Ekspert deyir ki, dünyanın inkişaf etmiş ölkələrində süni zəka istiqamətində müəyyən qərarlar verilir: “Məsələn, Çində məktəblərdə süni zəka dərsləri tədris olunur. Avropa ölkələrinin bəzilərində süni zəka dövlət qurumlarında yüksək vəzifə tutur, fəaliyyət planı hazırlayır. Albaniyada süni zəka nazir təyin olunub. Azərbaycanda da süni zəkaya marağın olması süni zəka əsaslı prosesin başlanılmasını tələb edir. 3-4 il sonra biz bu istiqamətdə əsaslı işlər görmüş olacağıq”.

Tehsil-press.az

Oxşar xəbərlər