Bizim komandirimiz dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı (vacib bir postu azad etmişdi). Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir!(Əsgər Nicat Həşimzadənin xatirələri)
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Yaşasaydı bu gün doğmaları, əzizləri onun ətrafına toplaşar, doğum gününü qeyd edərdilər. Amma cənab general Vətənə xidmətini, yaşamını Vətən uğrunda şəhid olmaqla davam etdirməyi üstün tutdu.Buna görə nə Vətən onu unudur, nə vətəndaşlar ona sevgisini əskildir.
Beləliklə, 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gələn o körpənin nə vaxtsa bütün Azərbaycan xalqının qürur yeri, fəxr ünvanı olacağını heç doğma anası Səmayə xala da bilmirdi. Polad 6 aylıq olanda ailəliklə Sumqayıt şəhərinə köçmüşlər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Qeyd edək ki, atası Alüminium zavodunda mühəndis, anası da həmin zavodda fəhlə işləyiblər. Bir müddət sonra anası işləməyib. Poladgil ailədə dörd övlad olublar; iki oğlan, iki qız. Övladların dördü də ali təhsil alıb.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdi. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır.Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir.
Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verildi.
O, ailəli idi, 2 oğul və 1 qız atası idi .
2021-ci ildə “Metro City” ticarət mərkəzində yanğın zamanı obyekt sahiblərindən biri dükanda yanan mallarını yox, mağazanın ön hissəsində yerləşən şəhid general-mayorun şəkli olan plakatı yanğından xilas edir. Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılmışdı.
Xalq məhəbbəti şəhid generala olan böyük sevgi və rəğbətini biruzə verib. Elə ona həsr edilən kitablar da bu sevginin təsdiqidir.
Tehsil-press.az











