Tanınmış ilahiyyatçı, şərqşünas Seyid Camal Əzimbəyli Ramazan ayı, oruc, fitrə və müasir həyat barədə fikirlərini bölüşüb. O, həmçinin dini ənənələr, milli kimlik və gənclərin dinə yanaşması mövzusunda öz baxışlarını açıqlayıb.Seyid Camalla geniş müsahibəni təqdim edirik.
- Camal bəy, bir neçə gündən sonra Ramazan ayı başlayır. Əsrlərdən gələn bu inanc müasir dövrdə bir sıra hallarda fərqli formalarda da şərh olunur. Ramazanda nələrə əməl etmək tələb olunur?
- İslamın təməl prinsiplərinə yaxından bələd olan hər kəs bilir ki, Ramazan Allahın bizlərə vacib buyurduğu 5 hökmdən biridir. Ramazan ayını xüsusi olaraq gözəl edən bu ayda İslamın müqəddəs kitabı “Quran”ın nazil olmasıdır. Ramazan ayı elədir ki, bu ayın atmosferi, inanclı-inancsız hər kəsə sirayət edir. Bu ayda “İnam” verilişinin müəllifi olaraq görürük ki, minlərlə oruc tutmayan insan Ramazanda yardımlaşır. Bu ayda onların səxavət kisəsi alovlanmağa başlayır. Ramazan oruc tutan-tutmayan hər kəsin müjdəsi, qismətidir. Allahın hökmünə görə ağlı başında olan, yetkinlik yaşına çatan, sağlıq-səhhəti yerində olan hər kəsin bu 30 gün oruc tutması, fitrə zəkatı verməsi, yardımlaşması İslamın hökmləri içərisindədir. Sağlıq və səhhəti yerində olmayan şəxs sağaldıqdan sonra oruclarının qəzasını bayramdan sonra 1 gün əvəzinə 1 gün olmaqla ödəyə bilər. Amma xəstə olan şəxslər tam üzrlüdürlər.
- Üzrsüz yerə orucumuzu pozduqda neçə gün əlavə oruc tutmalıyıq?
- Belə olduğu halda bizim 1 gün əvəzinə 60 gün oruc tutmağımız hökmdür. Bu məsələyə görüşlərdə (məzhəblərdə - red.) fərqli yanaşmalar da var. İnsanlar bəzən Allahın mərhəmətini istismar etməyə və Allahın yerinə hökm verməyə çalışırlar. Mənim baxışım ondan ibarətdir ki, Allahın mərhəməti, rəhməti, şəfqəti o qədər genişdir ki, bizim gündə etdiyimiz günahlara nəzər salsaq, səhərə sağ çıxmarıq. Bu məsələlərdə də həssas davranmaq lazımdır: sən oruc tutmadınsa, cəzan ağır olacaq kimi ifadələrin işlənməsi mərhəmət, rəhmət, sevgi dini olan İslama qarşı gəlməkdir. Allah bağışlayandırsa, sən kimsən ki, onun yerinə fətva verirsən?! Çünki Allah deyir ki, zalım və zülmkarlardan, asi olanlardan savayı, hər kəsin günahları bağışlanacaq. Ramazan mərhəmət, rəhmət, şəfqət, sevgi, barış, müasir dillə desək, tolerantlıq ayıdır. Bu ay sevgi və sevənlərin ayıdır. Bu ay ilahi eşqin şərbətini içən və bu eşqdən bihuş olanların ayıdır.
Allah üçün etsən, Allah səni istədiyin mərtəbəyə ucaldar
- Ramazan ayında fitrənin verilməsi bəziləri tərəfindən buğda və xurma ilə, bəziləri isə konkret bir məbləğ pulla ölçülür. Siz necə düşünürsünüz, bu ayda kimlər, nə qədər fitrə verməlidir?
- Fitrə zəkatı oruc tutan, maddi imkanı olan hər kəsin üzərinə vacibdir. Amma oruc tutursan, maddi imkanın fitrə zəkatını çıxmağa imkan vermirsə, sənin fitrə zəkatı çıxmağın günahdır. Çünki Allahın bütün hökmləri yaradılanların mənafeyi üçün hesablanıb. Bütün yaradılmışları da, yaradanı da sevəcəksən ki, fitrə zəkatı verməsən belə, rəbbin o sevgini zəkatın qismində qəbul etsin. Fitrə zəkatını oruc tutmayanlar da verə bilər. Oruc tutmadıqları üçün fitrə verə bilmərəm deyə düşünməsinlər. Əksinə, bunun özünün də böyük savabı var. Fitrə zəkatı yardımlaşma, imkansızın, ehtiyac sahibi olanın üzərimizdəki haqqıdır. Biz o haqqı ödəməliyik ki, növbəti Ramazana qəzasız-bəlasız, sevdiklərimizin uğuru ilə gələk. Fitrə zəkatı bizim can sığortamızdır. Düzdür, cahil insanlar var ki, fitrəni verdikdə həmin pulu başına fırlayıb verir. Bunu etmək qul haqqına girməkdir. Bu Allahın qəzəbinə səbəb olan davranışdır.
Müasir dövrdə fitrənin verilməsi ilə bağlı baxışlar fərqlidir. Bu fərqli ölkələrə görə də dəyişir. Amma adam var masasının üzərində qiyməti 100 manat olan xurma ilə iftarını açır, adam da var 3 manatlıq xurma ilə. O, 3 manatlıq xurma ilə iftarını açan biri fitrə zəkatı çıxmasa da, Allah onu bağışlayar. Çünki Allah bilir ki, onun maddi gücü fitrə verməyə çatmır. Adam da var ki, 100 manatlıq xurma alır, iftarını açır. Onda sən fitrəni evindən 7-10 manat deyil, 50 manat çıx. İmkanların genişdirsə, 200 manat fitrə pulu ver. Bir şeyi unutmayaq ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmaz. Bir könül sevindirsən, Allah min kərə sənin könlünü sevindirər. Allah üçün etsən, Allah səni istədiyin mərtəbəyə ucaldar. Kimsəsiz bir körpənin saçına sığal çəkər, al bu pulu, atana borcum var idi deyərsənsə, həmin körpənin başı üzərində Allah səndən razı olsun deyən Allahın özüdür.
İftarı qonaqlığa çevirmək günahdır
- Ramazan ayında açılan iftar süfrələrinə insanlar öz yaxınlarını dəvət edirlər. Bu nə dərəcədə doğrudur?
- Məni də iftara çağırırlar, gedirəm ki, hamısı dövlət adamı, millət vəkili, biznesmenlərdir. Allah razı olsun. Məni də başda otuzdururlar. Soruşuram aranızda neçə nəfər oruc tutub, deyirlər ki, 5-6 adam. Bu israfdır, bu günahdır. Həmin iftar süfrələrinə şəhid ailələrini, Qarabağ qazilərini, haqq sahiblərini dəvət edin. Çünki o ilahi ziyafətdir. İlahi ziyafət Allahın qonaqlığıdır. Ramazanı fitrə zəkatı ilə tamamlanma prosesi kimi bilməyək. Bu ay necə etməliyik ki, bizi kontrol edən rəbbimiz hal və hərəkətlərimizdən razı qalsın və bizi övlad, sevdiklərimizin itkisi, canımızın ağrısı ilə deyil, sağlıq və səhhətimizin əmin-amanlığı ilə növbəti Ramazana götürə bilsin. Ramazan bir bazarlıqdır. Allahla bazarlıq edəcəksən - Ya rəbb, mən bunu edirəm və səndən istəyirəm. Ramazanda nəinki nəfsinə, əzalarına, sözünə də sahib çıxacaqsan. Rüşvətə yox deyəcəksənsə, yalana, iftiraya, qul haqqına girməkdən çəkinəcək, böhtana yox deyəcək, Ramazandan sonra da bu prosesi davam etdirəcəksənsə, sən mükəmməl mömin olduğun qədər, mükəmməl vətəndaş olacaqsan. Bunu Ramazan ayından sonra da edə bilməyəcəksənsə, bu 1 ayda etdiklərin o qədər də əhəmiyyətli olmayacaq.
- Ramazan ayında oruc niyyətə görə tutula bilərmi?
- Niyyət, nəzir orucu bəyənilən oruclardır. Bunlar ilahi hökm orucu deyil. Ramazan orucunda “mən niyyət edirəm ki, universitetə qəbul olunum”,- demək doğru deyil və bu cür niyyət etmək Ramazan orucuna şamil edilmir. Onu Ramazan bayramından sonra edə bilərər. Özəl günü yoxdur. Ramazan ayında “Quran” nazil olunub və bu müqəddəs kitabın nazil olduğu aya ehtiram və rəğbətin göstəricisidir. Yoxsa sən “mən istəyirəm ki, sevdiyimə qovuşum, ev alım” bunlar Allahla bağlanılan əhddir. Bu əhd orucunun Ramazan ayına zərrə qədər dəxli yoxdur. Ramazanda oruc tutmaq rəbbin hökmü, digəri isə sənin öz istəyindir
- İmsaka oyanmadan oruc tutmaq doğrudurmu?
- Sevgili peyğəmbərimiz buyurur ki, oruc tutanın yuxusu belə ibadətdir. Amma bəzi işbaz dindarlar elə bilir ki, bunun mənası oruc olduğun müddətdə yatmaqdır. Amma belə deyil. Peyğəmbərimiz buyurur ki, oruc tutun, sağlam olun. Sən bütün gün yatsan sağlam ola bilmərsən. Sənin işin, ailə-məişət problemlərin, ibadətin var. Bütün gün yataraq sən cəmiyyətdən təcrid oluna bilərsən. İslam moderndir, işləkdir, tərəqqi, yüksəliş dinidir. İmsakda yatıb qalmaq orucu batil etməz. Amma Peyğəmbərimiz buyurur ki, imsakda bərəkət var.
11 ayda xanımına bir dəfə çay süzməyən kişi həyat yoldaşına çay dəmləyir, yemək hazırlayır. Onun əziyyətini hər gün çəkdiyi üçün bağışlanmaq istəyir. Mən bunu təcrübəmdə yaşamışam. Çox gözəldir. Belə olandan sonra niyə imsaka oyanmayasan ki? İmsaka oyanmamaq orucu batil etməz, zədələyər, orucun mənəvi yükünü azalda bilər. Biz orucun mənəvi yükünü azaltmamalıyıq.
Ramazanda restoran menyuları Allaha qarşı səlib yürüşüdür
- Ramazan ayında restoranların iftar menyuları ilə tanışsınız? Onlar haqqında nə deyə bilərsiniz?
- Ramazanda bəzi işbazlar Ramazanın ilahidən fürsət ayı olduğunu öz mənafelərinə uyğun hesablayıb fürsət bilirlər. Restoranlar israf dolu menyular təqdim edirlər. Keçən il adambaşına 100-120 manata menyular təqdim edirdilər. Bu fürsət ilahi ədalət prinsiplərinə qarşı səlib yürüşüdür, Allahın qəzəbinə səbəb ola biləcək davranışdır və yolverilməzdir. Əslində iş adamları, restoran sahibləri həmin vaxt qiymətləri endirməlidirlər. Biz Ramazanda nəfsimizin girovluğundan xilas ola bilmiriksə, süfrələrimizi israf dolu təamlarla doldururuqsa, ehtiyac sahiblərinin haqqına giririk. Bu yolverilməzdir.
Bütün məsuliyyət Qafqaz Müsəlmanları İdarəsinin üzərindədir
- Ramazanda bayram namazı vaxtı, hətta bayram günü fərqli vaxtlarda icra olunduğunu görürük. Bu nə ilə bağlıdır? Biz kimə inanmalıyıq?
- Biz hansısa yad ölkələrdə Azərbaycan üçün fətva verib, dini mühitinə təsir etmək istəyən insanlarla “İman” verilişimizdə mübarizə apardıq. Keçən il Ramazan bayramında milyonlarla verilişə baxan tamaşaçımıza Ramazan bayramının olduğunu, orucların açılmalı olduğunu dedik. Biz Azərbaycan Respublikasının vətəndaşıyıq. Ən böyük təhlükə dövlətsizlikdir. Azərbaycan dövlətinin də tanıdığı Qafqaz Müsəlmanlar İdarəsidir. Mən Qafqaz Müsəlmanlar İdarəsinin təmsilçisi, işçisi deyiləm. Amma bu baxımdan bütün məsuliyyət Qafqaz Müsəlmanlar İdarəsinindir. Bu idarə Şamaxı Rəsədxanası ilə birlikdə qərar verir. Bu məsələlərdə səhv ola bilməz. Yüz il sonra ay tutulmasını bilmək olur. Amma biriləri Azərbaycan xalqının inancını istismar etmək istəyirlər. Onlar Azərbaycanın milli mənafeyini, dövlət maraqlarını düşünməyən, milli maraqlarını satan milli dönüklərdir. Onlar sosial şəbəkələrdə çox aktivdirlər. Biz onları da doğru yola dəvət edirik. Bu il də Qafqaz Müsəlmanlar İdarəsi bayramı hansı günə qeyd edibsə, həmin gün xalq və dövlət olaraq bayramı keçirəcəyik.
Milli kimlik dini kimlikdən vacibdir
- Çaşqınlıq yaratmaqda məzhəblər nə dərəcədə rol oynayır?
- Mən bunu görüşlərə görə ayırmazdım. Azərbaycanda ənənəvi iki görüş var - şiə, sünni. Bu ikisi bir-birinə qucaq açır, bir-birinin qardaşıdır, canıdır. Sünni mənim canımdır, şiə mənim qanımdır. Bunları bölən isə mənim düşmənimdir. Görüşləri bölənlər Azərbaycanı Suriyaya, Yəmənə, İraqa, Əfqanıstana, Ukraynaya çevirmək istəyənlərdir. Ola bilər ki, sünni məzhəbinə aid olan deyir ki, Səudiyyə Ərəbistanda mənim şeyxim hələ fətva verməyib. Eləsi var deyir ki, İranda filan Ayətulla fətva verməyibsə, mən orucumu açmıram. Mənim onunla işim yoxdur, bu onun öz qərarıdır. Amma sənin öz dini liderin, öz ölkən, öz canın, əqidən var. Bir dəfə yazmışdılar ki, Seyid Camal Azərbaycan dövlətinə təqlid edir. Dedim ki, çox düz deyirlər. Nə qədər dini kimliyim varsa, o qədər milli kimliyə sahibəm. Mən hansısa məzhəbin, hansısa təriqətin adamı deyiləm. Mən Azərbaycan dövlətinin, xalqının adamıyam. Mənim çağırışım odur ki, birlik və bərabərliyimiz üçün bunu qorumaq istəyən sünnisi də, şiəsi də Azərbaycan dövlətində bayram nə zaman keçirilirsə, hamının o vaxt keçirməsi İslamın da hökmlərinə uyğundur. Çünki ortada vəhdət, birlik və bərabərlik var.
- Seyid, siz Qarabağ mühitində böyüyən ilahiyyatçı olmusunuz. Dinə yanaşma, məzhəblərarası tolerantlıq, ənənələrin yaşadılması cənub, şimal bölgələri və Bakı kəndlərinə görə nə dərəcədə dəyişir?
- Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtıdır. Amma bu şəhər əsrlərdir ki, Azərbaycanın mənəviyyat mərkəzi kimi formalaşıb. Nəinki Şuşa, bütün Qarabağ bölgəsinin mühiti büsbütün mənəviyyat adamlarından ibarət olub. Orada peyğəmbər soyunun təmsilçilərinin yaşayıb-yaratdığını görmüşük. Qarabağ seyidlərinin böyük hissəsi Laçın seyidlərindən ibarət olub. O insanlar nəzir biznesinin qurbanı olmayıb. Onlar elm adamı olub, məscidləri ticarət obyekti kimi istifadə etməyiblər. Məscidlərdə mənəvi mühit formalaşdırıblar, məktəb kimi istifadə ediblər. Qarabağda məscidlər tək ilahi eşq şərbətini içən sevənlərin deyil, bir-birinə aşiq olan gənclərin and yeri kimi yaşadıblar. Qarabağda çoxluq Peyğəmbər və əhli-beyit sevənlərdən ibarət olub. Bu bölgədə heç vaxt təkfir zehniyyətin daşıyıcısı olmayıb. Qarabağda kimsə bir-birinə sən sünnisənmi, sən şiəsənmi sualını verməyib. Azərbaycan xalqının da mütləq əksəriyyəti bu sualı vermir. Əgər bu sualları versəydik, səngərdə düşmənə deyil, bir-birimizə silah uzadardıq. Məzhəb və təriqət gözəldir, amma məzhəbçilik və təriqətçilik təhlükədir.
- Sizin dini inancınıza ailənizin təsiri olub?
- Mən Qarabağda şəcərəli seyid ailəsindənəm. Onlar mənə zorakı yollarla din aşılamayıblar. Öz əməlləri, hərəkətləri ilə mənə dini sevdiriblər. Onlar mənə seyid olduğum üçün deyil, müsəlman olduğum üçün dinin vacib əməllərini deyiblər. Təbii ki, seyid olduğum üçün mənim daha məsuliyyətli olduğumu, xalqın yüz illərdir inanc yerinə çevrilən ocağın təmsilçisi olduğumu, bunların vacib olduğunu deyiblər. Hər birini rəhmətlə anıram. Onlar mənə dini, vətəni, torpağı sevdirdilər. Onlar mənə izah ediblər ki, Azərbaycanın milli maraqları dindən kənar deyil.
İslam ən böyük demokratiyadır
- Sizcə, din insanların şəxsi azadlıqlarına necə təsir edir, ümumiyyətlə İslamda fərdi azadlıq və cəmiyyət maraqları arasında balans necə qorunmalıdır?
- Ən böyük demokratiya İslamdadır. Ən böyük insan haqlarının qorunması, mühafizə olunması İslamdadır. Ən böyük qadın haqlarının mühafizə olunub qorunması Allah tərəfindən “Qurani-Kərim”dədir. 1400 il bundan öncə yeni doğulan qızlar diri-diri torpağa gömülərkən onların torpağa gömülməsinin qarşısını alan, qadın haqlarını qoruyan və bu haqların qorunmasının İslamın vacib hökmlərindən, təməl prinsiplərindən biri olduğunu könüllərin sultanı, İslamı bizə tanıdan və sevdirən Məhəmməd Peyğəmbərdir. Sonuncu xütbəsində, İslamda ona vida xütbəsi deyilir, Peyğəmbərimiz bizə dedi ki, qadın haqlarının qorunmasını sizlərə vacib edirəm. Bizə hökmünü çatdırdı. Yəni kimlər qadın hüquqlarını qorumazsa, o bu ümmətdən deyil. İslamın təməl prinsipləri, onun gətirdiyi qaydalar, yanaşmalar, hədislərdə də, “Qurani-Kərimin” hökmlərində də qadınlarla kişilərin bərabər hüquqlu olduğunun sübutu var. Yazıqlar olsun ki, Azərbaycanda da elələri var ki, qadın haqlarına qarşı sanki səlib yürüşü edirlər. Bu, Peyğəmbərə qarşı gəlməkdir, bu İslama qarşı gəlməkdir. Xanımlar sizin əmanətinizdir. Onları qorumaq sizin üçün vacibdir və hökmdür. Bu hökmə qarşı gəlmək Allahın qəzəbinə səbəb olan davranışdır. Cəmiyyətdə qadınların bərabər hüquqlarının kişilər tərəfindən tanınması, ehtiram göstərilməsi də İslamın təməl prinsiplərindəndir. Bu prinsiplərə zorakı yanaşanlar riayət etməyən, qadınlara zorakı yanaşanlar, onların haqq və hürriyətlərini tanımayanların İslama zərrə qədər aidiyyatı yoxdur. Qısa desək, qadın haqlarının qorunması “Quran”ın hökmlərindən biri, bəlkə də, elə birincisidir. Qadınların hətta boşandıqda belə onların haqlarının, maddi rifahının təmin olunması kişinin üzərində nə qədər vacib olması İslamın hökmlərindəndir. Boşanmış xanımlara iftiraların, qeybətlərin olunması Allah tərəfindən lənətlənmişdir. Bu gün Azərbaycanda dini, milli, mənəvi dəyərlərin təminatçısı dünyəvi dövlət başçısı olan İlham Əliyevdir. Bu Azərbaycan üçün böyük nemətdir.
- Bildiyimiz kimi, İslamda çoxarvadlılığa icazə var. Sizin din xadimi kimi buna münasibətinizi bilmək maraqlı olardı...
- Birmənalı olaraq mən çoxarvadlılığı qətiyyətlə pisləyirəm. Allaha gedən yolun bir adı da sevgidir. Sevgi neçə xanımla olur? İslamın o dövründə zorakılıqlar, xanımların haqq və hürriyətləri, onların mənəviyyatları belə basqılarda qalırdı. Peyğəmbərimiz həmin dövrdə çoxarvadlılığa icazə vermişdi. Tam anlaşılandır. Amma bunu araşdıranda baxırsan ki, İslam böyükləri öz himayəsinə aldığı 6-7 qadının sadəcə 1-i ilə ailə həyatı qurub. Digərlərinin namus və şərəfini mühafizə etmək üçün onları himayəsinə alıb. Və bu məsələləri bilmək istəməyən, idrak etməyənlər dərk etməlidir.
- İslam zamanla ayaqlaşmalıdırmı? Məsələn, çoxarvadlılıq həmin dövrün tələbi idi, indi isə ...
- Bu gün də çox sayda insan yazır ki, 10 ildir ki, yoldaşımın başqa həyat yoldaşı da var. Bunun bir adı var, o da xəyanət. Mən düşünürəm ki, biz İslamı olduğu kimi qəbul etməliyik. İslamı olduğu kimi topluma aşılaya bilsək, görəcəyik ki, həmin kişi də xanımına xəyanət etməyəcək. İslam bütün zamanların dindir, sadəcə o səhv öyrənilir, səhv yayılır. Mən düşünmürəm ki, İslam dini nə zamansa, fərqli sirayət edəcək. Bu, mümkünsüzdür, çünki Allah Məhəmməd Peyğəmbərlə peyğəmbərlik müəssisəsinin tamamladı.
Siğəni qəbul etmirəm
- İslama görə, siğə adı ilə bilinən müvəqqəti nikah məqbuldurmu?
- Bir kəlmə deyə bilərəm ki, mən bunu qəbul etmirəm.
- Fərdi azadlıqlardan danışanda uşaqlar da ağlımıza gəlir. Biz məktəblərdə balaca qız uşaqlarının hicab geyindiyini də görürük. Bu da ciddi müzakirə olunan məsələyə çevrilib. Bir çoxu düşünürük ki, uşaqlar öz qərarlarını verə biləcək iqtidarda olmadığından bu, düz deyil. Sizcə, müasir dövrdə bu proses necə tənzimlənməlidir?
- Ailələrdə yetkinlik yaşına çatmayan övladlar, qız uşaqları hicabın əhəmiyyətini, mahiyyətini hələ erkən yaşda fəlsəfəsini anlamır və onu zorakı yolla etmək olmaz. Hicab bağlamırsansa, atan sənin başını kəsər düşüncəsi ilə bağlanan hicabları mən təqdir edə bilmərəm. Bu, sevgi məsələsidir. Ailədə xanımın, qızın olsun fərqi yoxdur, birinci öz mənəviyyat nümunənizi ortaya qoymalısınız. Siz hicabı bağlayıb 14-15 yaşda qızınızı erkən yaşda evlənməsinə göz yumacaqsınızsa, bu İslamın da hökmlərinə qarşı gəlməkdir və yolverilməzdir. Biz dünyəvi ölkədə yaşayırıq. Azərbaycanın qanunlarına hər kəsin əməl etməsi vacibdir. Dinin hökmlərini özününküləşdirərək hicab adı altında Azərbaycan dini camiəsini yad ölkələrin istismarına düşmək istəyənlərə imkan verməyəcəyik. Bunu dövlət edəcək. Azərbaycan dövlətinin qorunmasının öz namusunun qorunmasıdır düşüncəsi ilə yaşayan insanlarımız çoxdur. Biz artıq İslamın həqiqətlərini danışaraq milyonların evinə girə bilirik. İslam zorakılıq dini deyil, dəvət, barış və sevgi dinidir. Zorakı yolla İslam sevdirilə, hicab taxıla bilməz. Zorakı yolla hicab taxan xanımların sonu xoş nəticələrlə tamamlanmır. Hicab taxmayan minlərlə şəhid anası var ki, onlar övladlarına bu Vətən yolunda ölməyi öyrətdi.
- Siz 14 yaşlı qızların evləndirilməyi məsələsinə də toxundunuz. Ötən il iyul ayından ölkəmizdə erkən nikah və qohum evliliyi bütün istisnaları ilə ləğv edildi. Bəziləri bundan sonra bildirdilər ki, din buna icazə verir. İslamda erkən nikaha yanaşma necədir və ümumiyyətlə belə ənənə olubsa, onun müasir dövrdə də yaşadılması mütləqdir?
- Bizim ölkədə din dövlətdən ayrıdır. Amma dövlət dini mühiti nəzarətsiz buraxmamalıdır. Çünki yüzlərlə məzhəb, təriqət adamları öz görüşlərində olmayan adamları təşviq edərlər, bir az da irəli getmək imkanı olsa, başqa şeylər də edərlər. Dövlət sistemli şəkildə bu nəzarət mexanizmini edir. Burada heç bir zorakılıq yoxdur, əksinə maarifçilik var. Din adına iddia edib, mən özüm bilərəm, qızımın 14 yaşı var, onu ərə verirəm deyirsə, din adı ilə qızını istismar edirsə, güc strukturları dərhal onun qarşısını hüquqi əsaslarla almalıdır və lazımdırsa, həmin valideynlər həbs olunmalıdır. Bu işdə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi, müxtəlif QHT-lər, həyat yoldaşım Sevinc xanımın "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin onlarla maarifləndirici tədbirləri var. Burada belə zor gücü yoxdur.
Azərbaycanın dini mühitini istismar edən adamlar var
- Son illərdə kütləni ələ almaq üçün dinə daha romantik yanaşan, onu özünün şəxslərə və hadisələrə münasibətləri toplusu halında təqdim edən insanlar da peyda olur. Siz onlar haqqında nə düşünürsünüz? Hansı ki, bunlara ciddi platformalarda yer ayrılır...
- Bu bir faktdır ki, onlar cəmiyyəti biri-birinə qarşı qoyur. Sosial şəbəkələrə nəzarət mexanizmi mümkünsüzdür. Məni üzən odur ki, məzhəbçi, təriqətçi, Azərbaycanda təfriq salınmasına münbit şərait yaradacaq, ilahiyyatçı adında ölkənin dini mühitini istismar edən adamlar var. Onlar qalmaqallarla gündəmdə qalmaq düşüncəsi ilə hərəkət edirlər. Çox olmasa da müəyyən mənada bir auditoriya toplaya biliblər. Məni üzən odur ki, dövlətin dəstək olduğu bəzi xəbər saytlarında, televiziya kanallarında həmin adamları ilahiyyatçı adı altında danışdırırlar, onlara gen-bol şərait yaradırlar, fikirlərini İslamın əsaslarına dayanan fikir kimi tirajlayırlar. Birmənalı şəkildə həmin saytlar, kanallar Azərbaycan dövlətinə xəyanət edirlər. Onlara qarşı dözümlü olmaq olmaz. Radikal fikirləri, məzhəbçiliyi, təriqədçiliyi aşılayan, dövlətin milli maraqlarını ayaqlar altına alanlar baza toplayır. O baza günün birində Azərbaycana qarşı yönələ bilər. Dövlətin aidiyyatı qurumları bu məsələlərin də üzərinə mütləq getməlidirlər.
- Müasir dövrün gəncləri arasında dinə yanaşmanı, meyili necə qiymətləndirirsiniz?
- Tədqiqat mərkəzlərinin fərqli hesabatları var. Amma keçən il Ramazanda “İman” verilişi olaraq hər axşam monitorinq aparırdıq. Buna görə sərmayə də qoymuşduq. Tək Qədir gecəsində 20 mindən artıq bizə səsli mesaj gəldi. Təklif etdim ki, bu 20 min insanın monitorinqin aparaq, kimlərdir bunlar? Onların içərisində 4000-dən artıq gəncin olduğunu gördük. Amma 20 minin hamısını araşdırmaq imkanımız olmadı. Azərbaycanda gənclərin dinə yanaşmasında üç proses gedir. Bunu heç kim gizlədə bilməz. Bir qrup gənclər var ki, onlar dinsizliyi aşılayırlar. Dini ayinlərin Azərbaycana aid olmadığı düşüncəsinin tərəfdarlarıdır, düşmənə belə silah işlətmək olmaz deyirlər. Bir qrup gənclik də var ki, (onlar çoxluqdan ibarətdir) heç bir təriqətin, məzhəbin təəssübkeşliyini etmədən öz məzhəblərində, öz inanclarındadırlar və Azərbaycanın dövlət maraqlarını hər şeydən öndər görür, şəffaf həyat yaşayırlar.
Bir qrup da var ki, bu təhlükəli qrupdur. Onlar sanki sabahlarını da, gecələrini də öz ağaları, öz şeyxləri, öz dini böyükləri nə deyirsə, o cür keçirməyi Allahın hökmü kimi qəbul edirlər. Onlar azdırlar. Bilmək lazımdır ki, dövlət yoxdursa, din də yoxdur. Suriyada radikal güc mərkəzləri formalaşdırıb, 12 yaşında uşaqların başını kəsdilər, 12 yaşında qızları istismar etdilər. Nə namuslarına sahib durdular, nə qızlarına. Bu gün də şəhərlərini, məscidlərini yenidən qura bilmirlər.
- Azərbaycan tolerant ölkədir və burada müxtəlif dinlərin təmsil olunması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Dinlərin və dini cərəyanların müxtəlifliyi hansısa problemlər yarada bilərmi?
- Əksinə, Azərbaycan yeganə dünyəvi ölkədir ki, burada tək məzhəblər və təriqətlərarası deyil, dinlər və millətlərarası tolerantlıq getdikcə inkişaf edir. Tolerantlıq nəinki problem yarada bilər, bu Azərbaycan dövlətinin mühafizəsi üçün beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzunun göstəricisidir.
- Seyid, siz Şuşaya gedəndə Qazançı kilsəsini gördünüz?
- Bəli.
- 30 il ərzində həmin kilsə erməni xristianları tərəfindən inşa edildi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən bərpa edilir. Bununla bağlı nə düşünürsünüz?
- Bu özü düşmənə göz dağıdır. Dəyərlərə verilən dəyərdir. Azərbaycanın dövlət səviyyəsində bütün dinlərin təminatçısı olması necə ölkə olduğumuzu göstərir.
Cənnət və cəhənnəmin biletini bu dünyada alırlar...
- Bəziləri deyirlər ki, cənnət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub. Cənnət, cəhənnəm anlayışlarını inkar edənlərə sözünüz nələrdir?
- Onlar artıq iman gətirməyənlərdir. Cənnət və cəhənnəm var. İman gətirən cənnət və cəhənnəmə inanmırsa, onun imanı natamamdır. Mən axirət gününə inanıram. Axirətə iman gətirən müsəlmanam. Amma cənnət və cəhənnəmin biletinin bu dünyadan almaq olduğuna da iman gətirənlərdənəm.
- Şübhəsiz ki, “Quran”ı oxumusunuz. Bəs, digər səmavi dinlərdən hansının kitablarını oxumusunuz? Və qənaətləriniz nələrdir?
- “Quran”ı 40 dəfə oxumuşam. Dini kitabların da hamısını oxumuşam. Davamlı mütaliə edirəm, dünya ədəbiyyatını da sevirəm. Hazırda Lev Tolstoyu oxuyuram. Cəhalət elm olmayan yerdə tüğyan edir. Biz İslamı elmlə sevdirə bilsək, görəcəyik ki, o işləkdir, moderndir. Gənclərə də tövsiyə edərdim ki, çoxlu mütaliə etsinlər.
- İslamın müqəddəs kitabını xoş avazla əzbərləyən insanlar da var. Bu yaxınlarda bölgələrdə ayrı-ayrı məscidlərdə hafiz yetişdirildiyi ilə bağlı videolar da qarşımıza çıxdı. Siz bu ənənə ilə bağlı nə düşünürsünüz?
- Peyğəmbərin həyat yoldaşına sual veriblər ki, Peyğəmbərin həyatını təsvir et. Onun həyatı necə idi? Bir kəlmə deyir ki, onun həyatı “Quran”dır. “Quran”ı hansı əqli şüurun inkişafı ilə oxumağın önəmlidir. Bu şeir deyil qafiyə tutasan. “Quran”ın təsfirini bilməyəcəksənsə, Allahın orada buyurduqlarını özününküləşdirəcəksənsə, özündən fətva verəcəksənsə, bu sənin dini dəyərlərə bağlılığın deyil. Bu cahil əsarətində girov qalmaq deməkdir.
- Bir ara mollaların attestasiyası aparılırdı. Necə düşünürsünüz bu proses davam etməlidirmi?
- Mollaların, imamların imtahandan keçməsi davam edir və bu olmalıdır. Bu mexanizmin işlək olmasını arzu edirəm.
- Sizcə, imtahanlar dindən sui-istifadə etmək cəhdlərini azaldacaq? Ümumiyyətlə, molla və digər din xadimlərinin İslam dinindən sui-istifadə etdiyini düşünürsünüzmü?
- Dindən sui-istifadə edənlərin sayı çoxdur. Düşünürəm ki, Azərbaycanın mənəvi mühitində Dini İşlər üzrə Dövlət Komitəsində imtahandan keçə bilməyən, amma kifayət qədər dini biliyi olan, Azərbaycan dövlət və milli maraqlarını düşünən insanlar da var. Onlarla da işin dövlət tərəfindən aparılması mütləqdir.
- Bəzi müşahidələrə görə, son illər evlənən cütlüklər rəsmi nikah bağlasalar da, kəbin kəsdirməyə meyil etmirlər. Kəbin çoxmu vacibdir?
- Azərbaycanda əgər hüquqi nikah yoxdursa, dini nikah bağlamaq olmaz. Amma düşünürəm ki, bunu gizli şəkildə edən insanların da sayı çoxdur. Rəsmi nikahdan sonra dini nikaha girməmək halları da var. Onsuz rəsmi nikaha girəndə orada hal şahidləri olur. Bu özü elə dini nikahı qüvvəyə salır. Sadəcə bizdə dini nikah İslamın ənənələrindəndir. Mən bu ənənənin davam etməsini istəyərdim.
- Azərbaycanda dinini dəyişib müsəlmanlıqdan xristianlığa keçənlər var. Eyni zamanda son zamanlarda ölkədə sələfilik məzhəbinə yönələn gənclərin sayı artmaqdadır. Siz də bunu müşahidə edirsinizmi? Münasibətiniz necədir?
- Zaman-zaman Azərbaycanın dini mühitində boşluq yaranıb. Bu dini mühitdə mövcud olan boşluqlar radikal düşüncə mərkəzlərinin Azərbaycanın dini mühitinə təsir etməyə şərait yaradıb. Bu da oradan qaynaqlanır. Amma bu gün dövlət nəzarət mexanizmini qura bilib. Ölkədə həm Dini İşlər üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanlar İdarəsi bu sahədə fəaliyyət göstərir.
Allah səni necə yaradıbsa o cür qalmalısan
- Azərbaycanda dövlət qurumu olaraq Dini İşlər üzrə Dövlət Komitəsi, eyni zamanda uzun illərin ənənəsindən yaranan Qafqaz Müsəlmanlar İdarəsi də ölkəmizdə fəaliyyət göstərir. Siz onların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qafqaz Müsəlmanlar İdarəsi və Dini İşlər üzrə Dövlət Komitəsi üzərlərinə düşən işləri görməyə çalışırlar. Amma mənim ən çox istədiyim hər iki qurumun sistemli fəaliyyət göstərməsidir. Kənardan bu proseslərə dəstək vermək istəyən biri kimi belə istəyirəm.
- Cəmiyyətində xoşagəlməz tendensiyalar da artmaqdadır, cinsini dəyişənlərin, açıq-saçıqlığı təbliğ edənlərin... Dində onlara münasibət necədir, 1400 il əvvəl bu proseslər İslamda yer alıbmı?
- Müasir dövrdə İslam alimlərinin buna fərqli baxışları var. Bu yaxınlarda Londonda idim. Orada din alimi deyirdi ki, əgər həmin insanın həyatı orqanın dəyişdirilməsindən keçirsə, Allah ona niyə qəzəblənsin? Mən isə fikirləşirəm ki, Allah səni necə yaradıbsa, o cür qalmalısan.
- Siz əvvəl siyasətlə də məşğul olmusunuz. Necə düşünürsünüz, din və siyasət harada birləşir, harada ayrılır? Sizin indiki siyasi ideologiyanız necədir?
- Mən Prezident İlham Əliyevin fəaliyyətini müdafiə edirəm. Din siyasətdən ayrıdır. Bizim ölkəmizdə o qədər çirkablı adamlar siyasətlə məşğul olub ki, bir insan siyasətlə məşğul olanda ona neqativ baxırlar. Azərbaycanda dinin siyasətdən ayrı olmağı sistem olaraq həmişə saxlanılmalıdır. Amma dövlətin dini qurumlara nəzarət mexanizmi işlək olmalıdır.
- Övladlarınızdan yolunuzu davam etdirən varmı?
- Yoxdur. Onlar hamısı fərqli sahələrdədir.
- Camal bəy, 55 yaşınız oldu. Bu yaşda Allahdan nə istədiniz?
- Mən sizə təşəkkür edirəm. Təsadüfən müsahibəmiz belə vaxta düşdü. 55 yaş rəbbin mənə ən böyük ehsanıdır. 55 yaş Qarabağımızın işğaldan azad olduğunu görməkdir, bu yaş həm də məsuliyyətdir, dinim və dövlətim, vətənim, övladlarım üçün görəcəyim böyük işlərin transferidir. İndiyədək Allahdan istəyim Qarabağın işğaldan azad olması oldu. İndi isə qalan ömürüm övladlarımla, ailəmlə vətənimə, dövlətimə xidmət göstərmək və Qərbi Azərbaycanın müjdəsini Prezidentdən eşitmək, ora getmək, qədim Azərbaycan torpaqlarında ibadət etməkdir.
Tehsil-press.az












