Məsələ ilə bağlı danışan siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, mətbuatda tirajlanan bu məlumatlar kifayət qədər ciddi xarakter daşıyır və dövlət aparatının mühüm fiqurlarından birinin birbaşa fəaliyyəti ilə bağlı olduğu üçün diqqətdən kənarda qalmamalıdır: “Burada söhbət sıravi bir məmurdan deyil, faktiki olaraq ölkənin qanunvericilik iyerarxiyasında üçüncü səlahiyyət sahibi sayılan şəxsdən gedir. Yazıda qeyd olunmuş obyektlərin, restoranların və digər nəhəng mülklərin hamısı birmənalı şəkildə Əli Əsədova məxsusdur və bu, kifayət qədər ciddi bir məsələdir. Baş nazirin əməkhaqqının son dövrlərdə 17 600 manata çatdırılması belə bu qədər var-dövlətə sahib olmağa qətiyyən imkan vermir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli, həmin araşdırmada göstərilən hər bir kommersiya obyekti ilə bağlı ciddi ölçü götürərək genişmiqyaslı təhqiqat aparmalıdır”.
Siyasi şərhçi bildirib ki, Əli Əsədovun gələcək taleyi ilə bağlı yekun qərar ölkə rəhbərliyinin səlahiyyətindədir və bu istiqamətdə artıq konkret addımların atılması zəruridir: “Təbii ki, ölkənin birinci şəxsi dövlət maraqlarını rəhbər tutaraq nə etmək lazım olduğunu yaxşı bilir və buna uyğun müvafiq tədbirlər görüləcəkdir. Lakin ortaya qoyulan faktlar o qədər sarsıdıcıdır ki, onların araşdırılmaması mümkün deyil. Belə bir ifşanın məhz indi ortaya çıxması təsadüfi deyil; bu, Əli Əsədov üçün yolun sonunun göründüyünə dair birmənalı və kifayət qədər real bir işarədir. Onun siyasi aqibətinin vaxtilə vəzifədən uzaqlaşdırılan Ramiz Mehdiyevin yolu ilə bənzərlik təşkil edəcəyi artıq demək olar ki, dəqiqdir. Əli Əsədov köhnə məmurlar komandasının nümayəndəsidir və onunla bağlı indiyə qədər müxtəlif iddialar olsa da, bu dəfəki faktlar onun Rusiyaya yaxınlığı və daxili idarəetmədəki rolu ilə bağlı bütün mənzərəni tamamilə dəyişir”.
Ekspertin fikrincə, hazırkı vəziyyət Baş nazirin vəzifə kreslosunun artıq tamamilə laxladığını göstərir və bu post üçün yeni kadr təyinatının anonsunu verir: “Bu məlumatların yayılması Əli Əsədova verilən açıq mesajdır ki, bu vəzifə onun üçün artıq sonuncu dayanacaqdır. Düşünürəm ki, onun postunu tutacaq kifayət qədər hazırlıqlı kadrlar mövcuddur. Hazırda bir sıra şəxslərin adları hallansa da, hesab edirəm ki, Baş nazir postuna heç kəsin gözləmədiyi, kifayət qədər gənc və ya orta yaşlı, müasir dövrün tələblərinə cavab verən tamamilə fərqli bir şəxs gətiriləcək. Məsələnin indi ictimailəşməsi o deməkdir ki, artıq onun üçün ‘şəli-şüləni yığışdır’ vaxtıdır. Ortaya qoyulan siyahıdakı hər bir faktın birbaşa ona aid olması, yaxın gələcəkdə idarəçilik sistemində baş verəcək köklü və radikal dəyişikliklərin ən bariz göstəricisidir”./NOCOMMENT.az/
Tehsil-press.az







