Səlim Müslümovla Vilyam Hacıyevin 650 minlik ƏMLAKLARI - Mənzillər SATILIR

Səlim Müslümovla Vilyam Hacıyevin 650 minlik ƏMLAKLARI - Mənzillər SATILIR Azərbaycanda yüksək vəzifəli məmurların korrupsiya ittihamları ilə həbs olunmasından sonra onların milyonlarla manatlıq əmlaklarının müsadirəsi və satışa çıxarılması prosesi davam edir.

“Rabitə işi” üzrə məhkum edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun müsadirə olunmuş əmlaklarının hərracdan satılması xəbərinin ardından digər korrupsioner məmurlar - Səlim Müslümov və Vilyam Hacıyevin əmlaklarının da satışa çıxarılması xəbəri gəlib.

Qafqazinfo yazır ki, milyonlarla manatlıq mənimsəmə ittihamı ilə məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin müsadirə edilmiş əmlakları da satışa çıxarılacaq. Məlumata görə, bu əmlakların ümumi start qiyməti 650 min manat təşkil edir.

Səlim Müslümova məxsus:

Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində mənzil – 350 min manat;

Eyni prospektdə yerləşən digər mənzil – 140 min manat.

Vilyam Hacıyevin ailə üzvlərinin adına rəsmiləşdirilmiş avtomobillər:

“Bentley Continental GT” – 65 min manat;

“Range Rover” – 56 min manat;

“BMW 740i” – 23 min manat;

“BMW X5” – 16 min manat.

Maraqlıdır ki, 56 min manat qiymət qoyulan “Range Rover” avtomobili məhz Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev tərəfindən idarə olunurdu və avtomobilin real bazar dəyəri həmin dövrdə 100 min manatdan artıq idi.

Qeyd edək ki, həm Səlim Müslümov, həm də Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuşdu. Dövlətə dəymiş ziyanın tam ödənilməsi nəzərə alınaraq, Müslümova 11 il şərti, Hacıyevə isə 8 il 6 ay real həbs cəzası verilmişdi. Bundan əlavə, hər iki məhkumun bir sıra əmlakları dövlətə vurulan ziyanın əvəzi olaraq müsadirə edilmişdi. Vidadi Zeynalova gəlincə, o, 2015-ci ilin noyabr ayında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digər vəzifəli şəxslərlə birlikdə həbs edilmişdi. İstintaq materiallarında onun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan qurumların rəhbərləri ilə əlbir olub 73 milyon 590 min manat dövlət vəsaitini mənimsədiyi göstərilirdi.

Zeynalov Cinayət Məcəlləsinin 179.3.2-ci (xüsusilə külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunmuşdu. 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən sabiq aparat rəhbərinin cəzası daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 4 ilə endirildi. 2019-cu ildə isə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxıldı.

Məhkəmə istintaqı dövründə Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Dəyəri 43 milyon manatdan artıq olan bu əmlaklar təkcə onun deyil, övladlarının, həyat yoldaşının, bacısının və digər yaxın qohumlarının adına rəsmiləşdirilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər