O, bununla bağlı redaksiyaya danışıb. M. Niftiyev bildirib ki, 1990-cı ildə platformalara təchizat aparan gəminin kapitanı olub. O bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə yenə də dənizdə olublar və təchizatı “Bahar” yatağına təhvil verib limana geri qayıdırmışlar:
“Biz geri qayıdanda qəfildən televiziyanın yayımı dayandı. Düşündük ki, bizim televizorun texniki problemi yaranıb. Buna görə də antenanı yoxlamaq üçün çölə çıxdıq. Bu zaman gəmidən gördük ki, Bakının üzərindən sayrışan güllələr uçuşur. Biz Bakıda gərginliyin olduğunu bilirdik, lakin belə bir faciənin baş verməsindən xəbərimiz yox idi. Səhər tezdən dənizçilərin 16-cı rabitə kanalından gəmi kapitanı Vəfadar İbrahimovun həyəcanlı səsini eşitdim. Bağırdım ki, Vəfadar müəllim nə baş verib? Dedi, sovet ordusu Bakıda qırğınlar törədib. Biz qərara almışıq ki, hamımız Bakı buxtasında toplaşaq. Bunu eşidən kimi mühərrikləri işə saldırdım və dənizçilələ birlikdə Bakı buxtasına yan aldıq.
Artıq 120-yə yaxın gəmi buxtaya yaxınlaşdı. Bütün gəmilər Bakıda baş vermiş qırğına etiraz edirdilər. Qərara gəldik ki, hər gəmidən bir nümayəndə gəlsin və bir gəmiyə toplaşıb qərar verək, sonra da elan edək. Beləliklə, qərar verildi ki, hər gəmidən bir nümayəndə olmaqla “Sabit Orucov” gəmisinə toplaşaq. Qərara aldıq ki, hər yarım saatdan bir gəmilər fit səsi versinlər. Digər qərar isə o oldu ki, “Sabit Orucov” gəmisindəki peyk rabitə vasitəsi ilə bütün dünyaya çatdırılsın ki, Bakıda qırğın olub. Çünki həmin vaxt Azərbaycanda televiziyanın blokunu partlatmışdılar və informasiya blokadası yaranmışdı. Biz bu blokadanı qırmaq üçün gəmidəki həmin rabitə kanalından istifadə etdik. Dünyanın hər tərəfindən bizə deyirdilər ki, səsinizə səs veririk. Beləliklə ölkələr bu qırğından xəbərdar olurdu”.
Niftiyev bildirib ki, toplantının qərarı əsasında SSRİ-nin müdafiə naziri Dmitri Yazova ultimatum xarakterli məktub göndərilib:
“7 nəfərdən ibarət nümayəndə o məktubu apardı və bildirildi ki, Bakı buxtasının gəmi kapitanları tələb edir ki, qırğınlar dayansın və sovet ordusu Bakını tərk etsin. Əks təqdirdə gəmilər yandırılacaq və bütün dünyaya xəbərlər yayılacaq. Yazov bizə rədd cavabı verdi. Bununla da dənizçilərin qırğınlara qarşı etiraz dalğası başladı. Biz silahlanmış sovet hərbi gəmilərinin kanallarla qarşısını kəsdik. Bizə xəbər gəldi ki, 20 yanvar gecəsi qətlə yetirilmiş nümayişçilərin meyitlərini dənizə atıb, hadisəni ört-basdır etmək istəyirlər. Bizim dənizçilər bunu biləndə qətiyyətlə onların qarşısını kəsdilər və hərəkətə imkan vermədilər. Ruslar gəmilərimizi gülləboran etdilər. Buna baxmayaraq, gəmilərimiz sovet hərbi gəmilərinin qarşısından geri çəkilmədi. SSRİ müdafiə naziri qırğın planını hazırlayanda Bakı buxtasının dənizçilərini nəzərə almamışdı. Bizim mübarizəmiz faciədə ölənlərin dəfninə qədər davam etdi. Dəfn bitənə qədər gəmilər hər yarım saatdan bir fit səsləri verirdi. Bakı buxtasında uğultu əmələ gəlirdi. Rusiyalı komandan dənizçilərimizə dedi ki, siz bizi bütün dünyada biabır etdiniz...”.
Həmsöhbətim bildirir ki, etirazlardan sonra Azərbaycan dənizçilərinə SSRİ hərbçiləri işgəncələr veriblər: “60-dan çox azərbaycanlı dənizçini Rusiyaya aparıb həbsxanalarda işgəncə verdilər. Əllərinə kim keçirdisə, işgəncə verirdilər. “Vodoley-4” gəmisinə 3600 güllə dəymişdi. Gəmi 8 yerdən mərmi zədəsi alaraq yanmağa başladı. Ona köməyə gələn “Vixr-12” yanğınsöndürən gəmisinə də atəş açıldı. Ümumilikdə iki mülki gəmi alova büründü, 30-dan çox gəmiyə minlərlə güllə dəydi.Bizim mülki gəmilər ölümü göz önünə alıb özlərini onların hərbi gəmilərinə çırpırdılar.
Həbs olunan dənizçilərin buraxılması üçün qırğından sonra yerdə qalan digər dənizçilər etiraz etdilər və işləmədilər. Bütün platformalarda işlər dayanmışdı. Ona görə də məcbur qalaraq, cəzalandırılmaq üçün Orenburq və Ulyanovska göndərilən dənizçilərimiz bir ay saxlanıldıqdan sonra buraxıldılar”.
Tehsil-press.az







