Aylarla xəbərdarlıq edildi, tədbir görülmədi: Sabunçu–Nizami yolunda təhlükəli mənzərə

Aylarla xəbərdarlıq edildi, tədbir görülmədi: Sabunçu–Nizami yolunda təhlükəli mənzərə 2025-ci ilin noyabrında Sabunçu rayonu, Yavər Əliyev küçəsindən Nizami rayonuna gedən istiqamətdə yaranmış ciddi problemi ictimailəşdirmişdi.

Bildirilmişdi ki, bir neçə yolun kəsişdiyi bu nöqtədə yağış suları aylarla çəkilmir və nəqliyyat üçün real təhlükə yaranır.

Aradan aylar keçməsinə baxmayaraq, vəziyyət dəyişməyib, əksinə, problem daha da dərinləşib. Hazırda ərazi bataqlığı xatırladır. Küçə çirkab və yağış suları ilə dolub, antisanitariya hökm sürür. Avtomobillər yolda batır, avtobuslar yolu keçə bilmir, sərnişinlər isə təhlükə səbəbindən nəqliyyatdan düşməyə məcbur qalırlar.

Sakinlər bildirirlər ki, vəziyyət artıq birbaşa həyat üçün təhlükədir. Xüsusilə sərnişin sayı artdıqda avtobusun aşma riski yaranır. Durğun sular isə xəstəlik mənbəyinə çevrilib.

Ən acınacaqlısı odur ki, aidiyyəti qurumlar bu problemdən aylar əvvəl xəbərdar idi. Videolar yayımlanmış, dəfələrlə müraciətlər edilmişdi. Amma nə drenaj sistemi qurulub, nə də yol infrastrukturu bərpa edilib.

Ortaya haqlı sual çıxır: faciə baş verməlidir ki, tədbir görülsün?

Məsələ ilə bağlı Musavat.com-un sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, intensiv yağıntılar zamanı yağış sularının ətrafa toplanması halı müəyyən ərazilər üzrə müşahidə edilir:

"Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər də var ki, orada təchizat sistemi mövcud deyil. Bu kimi ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək istismar qaydalarının mümkün şərtləri çərçivəsində yığılan suyun maşınlar vasitəsilə çəkilməsi təmin edilir.

Həmçinin payızda mövsümlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən bütün tullantı və yağış xətlərində monitorinqlər aparılır. Yağış kollektor quyularına, daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir. Tutulmalar müşahidə olunan xətlərdə texnikalar vasitəsilə yuyulma işləri icra olunur".

Qurumdan qeyd olunub ki, hazırda ADSEA tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sıra irihəcmli layihələr icra olunur:

"Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti-quruculuq işləri icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq".

Tehsil-press.az

Oxşar xəbərlər