Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib.
Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiyalar hər il yanvar ayından etibarən əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Lakin həmin artım faizi yalnız rəsmi statistik göstəricilər açıqlanandan sonra dəqiq müəyyən olunur.
Deputat bildirib ki, 2025-ci ilin ilk 11 ayının nəticələrinə əsasən, ölkə üzrə orta aylıq əmək haqqı 9,3 faiz artıb, illik yekun göstəricinin isə 9,2 faiz olacağı gözlənilir. Bu rəqəmlər üzrə rəsmi məlumat Dövlət Statistika Komitəsi tərəfindən fevral ayının əvvəlində elan ediləcək.
“Orta aylıq əmək haqqı ilə bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə açıqlanacağı üçün indeksasiya prosesi də həmin dövrdə həyata keçirilir. Pensiya artımları yanvarın 1-dən hesablanır, lakin ödəniş fevral ayında həyata keçirilir. Fevral ayında pensiyaçılara həm fevral ayının artırılmış pensiyası, həm də yanvar ayı üçün hesablanmış artım birlikdə ödəniləcək”, – deyə Vüqar Bayramov qeyd edib.
Deputat vurğulayıb ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. Qanunvericiliyə əsasən, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləği artırılacaq.
Tehsil-press.az












