ADU-da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub

ADU-da Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub Fevralın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Özbəkistan Dövlət Cahan Dillər Universitetinin Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı olub.

Açılış mərasimində Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistan Dövlət Cahan Dillər Universitetinin rektoru İlxomjon Tuxtasinov, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Eldar İbrahimov və başqaları iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib, yeni açılan mərkəzin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, xarici ölkə universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri ölkələr arasında elm, təhsil, mədəni əlaqələrin qurulmasında mühüm rol oynayır. Bu mərkəzlərin hər birində Azərbaycan dili tədris olunur, milli mədəniyyətimiz təbliğ olunur, müasir Azərbaycan həqiqətləri dünyaya çatdırılır. ADU beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaqda davam edir və bu baxımdan, ötən il Özbəkistan Dövlət Cahan Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı xüsusi əhəmiyyət kəsb edir.

“Bu gün isə universitetimizin həyatında əlamətdar bir gündür. Bu gün Azərbaycan Dillər Universitetində Özbək dili və Ədəbiyyatı Mərkəzi açılır. Hər bir azərbaycanlının qəlbində Özbəkistanın tarixinə, mədəniyyətinə böyük sevgi var. İnanıram ki, bizim tələbə və müəllimlərimiz bu mərkəzin daimi üzvləri olacaq və mərkəz onların Özbəkistana olan sevgisini bir az da artıracaq” - deyən akademik Kamal Abdulla əminliklə bildirib ki, Özbək dili və Ədəbiyyatı Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi, təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcəkdir.

Özbəkistan Dövlət Cahan Dillər Universitetinin rektoru İlxomjon Tuxtasinov çıxışında ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını bildirib. Qeyd olunub ki, ADU-da Özbək dili və Mədəniyyəti Mərkəzinin açılışı iki ölkə arasında elmi, mədəni, siyasi və təhsil sahəsində tərəfdaşlıq münasibətlərinə öz müsbət töhfəsini verəcək. Burada gənc tələbələr və müəllimlər özbək dili öyrənmək, mədəniyyətilə tanış olmaq imkanı qazanacaqlar.

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov çıxında rektora təşəkkürünü bildirib, gələcəkdə Azərbaycan və Özbəkistan arasında olan dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb: “Göstərdiyiniz diqqətə və səmimi görüşə görə sizə öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq, onların tədqiqat işlərinə öz töhfəsini verəcək”.

Millət vəkili Eldar İbrahimov Azərbaycan və Özbəkistan arasında elmi, mədəni, təhsil və siyasi əməkdaşlığın inkişafında bu mərkəzin əhəmiyyətli rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, Cahan Dillər Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq davam edir. Bu il ADU-nun bir neçə tələbəsi öz təhsilini Cahan Dillər Universitetində doktorantura pilləsində davam etdirəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər