Bu aydan etibarən 2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara start veriləcək. Xüsusilə buraxılış, blok, magistratura imtahanları diqqət mərkəzindədir. Buna görə də bu il imtahanların çətinlik səviyyəsi, plan yerlərinin nə qədər olacağı, keçid ballarının artıb-artmayacağı imtahan verəcək şəxsləri əsas maraqlandıran məsələdir.Bəs qəbul imtahanlarıyla bağlı ümumi proqnozlar nələrdir?
Mövzuyla bağlı təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrənib. O ilk olaraq, magistratura imtahanlarıyla bağlı açıqlama edib.
Qeyd edək ki, fevralın 15-də ilk olaraq magistratura səviyyəsinə qəbul imtahanının I cəhdi keçiriləcək. Ekspert düşünür ki, DİM magistratura imtahanını mütləq asan etməlidir:
"Dövlət İmtahan Mərkəzi magistratura imtahanını asanlaşdırmalıdır. Ötən il 60 min məzundan 23 mini magistraturaya sənəd verib. Buna əvvəlki illərdən olan məzunlar da daxil idi. Bu da gənclərin magistraturaya marağının olmamasını göstərir. Buna görə də imtahan formatı dəyişdirilməsə belə, asanlaşdırılmalıdır. Müsabiqə şərtlərini ödəyənlərin sayı plan yerindən az olarsa, burada problem yaranacaq".
Martın 9-da və 15-də 11 illik, aprelin 5-i, 12-i və 26-ı isə 9 illik təhsil səviyyələri üzrə buraxılış imtahanları keçiriləcək.
Bəs bu imtahanlar üçün gözləntilər nələrdir?
Müsahibimiz bildirib ki, buraxılış imtahanı ötən ildən daha asan olacaq:
"Son 2 il ərzində buraxılış imtahanları asanlaşıb, bu da daha çox abituriyentin yüksək bal toplamasına səbəb olub. Bu il də sualların çətin və ya problemli olmayacağını düşünürəm. Əslində, belə də olmalıdır. Çünki buraxılış imtahanları qəbul prosesinin tərkibi olmaqla yanaşı, şagirdlərin attestatına təsir göstərən final imtahanıdır".
Həmçinin qeyd edək ki, 11 illik təhsil səviyyəsi üzrə ixtisas qrupları üzrə qəbul imtahanları maydan etibarən keçirilməyə başlayacaq.
Ramin Nurəliyev hesab edir ki, qəbul imtahanıyla proqnozlar yalnız buraxlılışın nəticəsindən sonra bəlli ola bilər.
"Blok imtahanlarına hələ proqnoz vermək olmur. Çünki DİM bu imtahanı buraxılış imtahanına əsasən hazırlayacaq. Əgər buraxılışın nəticələri müsbət olmasa, blok imtahanı asanlaşdırıla bilər. Ancaq ümumilikdə bütün qəbul imtahanlarının asanlaşdırılmasının tərəfdarıyam. Yəni, çətin imtahanlar həm abituriyentlərə psixoloji cəhətdən mənfi təsir edir, həm də nəticədə, təhsil səviyyəmiz aşağı düşür. Suallar asanlaşsa, keçid balları qalxacaq. Bu da həmin ixtisasların dəyərini ortaya qoyacaq.
Ünumilikdə isə, buraxılış imtahanlarının asan olacağını düşünürəm, magistratura imtahanları isə mütləq asanlaşdırılmalıdır. Buraxılış imtahanları keçən ilki səviyyədə olarsa, blok da elə olacaq".
Tehsil-press.az













