Bəs repetitorluq məsələsi necə həll oluna bilər? KSQ və BSQ-lər nazirliyin tabeliyində keçirilə bilərmi?
Danışan "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, bu mövzu cəmiyyətimizdə boş yerə bu qədər müzakirə olunmur:
"Narahatlıq əslində real narahatlıqdır və valideyn–şagird etimadı zədələnəndə də, istər-istəməz, təhsil sistemi uduzur. Burada maraqların toqquşması məsələsi var. Eyni müəllim həm dərs deyib, həm də repetitorluq edirsə, ya da repetitorluq bazarında dolayı yolla fayda götürürsə, obyektiv qiymətləndirmə riski yaranır. Bu, istər qəsdən olsun, istərsə də şüuraltı, ədalətsizlik hissi yaradır. Digər məsələ qiymətləndirmənin subyektivliyidir. Xüsusən KSQ və BSQ-lər müəllimin öz əlində olanda, şagirdin real biliyi yox, müəllimin gözləntisi və münasibəti ön plana çıxır. Digər bir tərəfdən isə məktəbin reputasiyasına zərbə məsələsi var. Şagird düşünür ki, repetitor yanına getməsəm, qiymətim kəsiləcək. Bu isə artıq təhsil yox, məcburiyyət mexanizminə çevrilir".
Müsahibimiz KSQ–BSQ-lərin nazirlik səviyyəsində keçirilməsi ideyasından da danışdı:
"Bunun müsbət tərəfləri var, amma riskləri də az deyil. Üstünlük ondadır ki, standartlaşma olacaq, yəni bütün ölkə üzrə eyni ölçü meyarı tətbiq ediləcək, subyektivlik azalacaq. Burada müəllimin üzərində qiyməti süni şəkildə şişirtmə və ya kəsmə təzyiqi azalacaq, repetitorluğa məcbur etmə mexanizmi zəifləyəcək. Amma risklər də var. Burada test mərkəzli düşüncə güclənə bilər, müəllim “mən verdiyim qiymətin fərqi yoxdur” deyə məsuliyyətdən yayına bilər və şagirdin gündəlik inkişafı yox, yalnız imtahan nəticələri önə çıxa bilər. Məncə, balanslı həll tapmaq lazımdır. Məsələn, hibrid qiymətləndirmə ola bilər. KSQ–BSQ-lərin müəyyən faizi, məsələn 50–60 faizi mərkəzləşdirilsin, qalan hissəsi isə məktəb daxilində olsun. Məktəbin funksiyasını tam itirmək olmaz, amma bu proses monitorinq və nəzarət altında olmalıdır. Müəllimlər üçün repetitorluq qaydalarının sərtləşdirilməsi məsələsi də gündəmə gələ bilər. Yəni öz şagirdinə repetitorluq edən müəllimə qadağa və ya ciddi məhdudiyyət qoyula bilər. Maraqların toqquşması hüquqi səviyyədə tanınmalıdır".
R.Fikrətoğlunun fikrincə, müəllimin biliyinin yoxlanması həyata keçirilə bilər:
"Amma bu, düzgün formada olmalıdır. Müəllimi şagirdlə eyni imtahana salmaq bir az populist səslənir, amma daha sağlam yol dövri sertifikasiyadır. Müəllimlər sertifikasiya olunur, burada müəllimin biliyi qiymətləndirilir. Eyni zamanda fənn, metodika və qiymətləndirmə etikası üzrə yoxlamalar da aparıla bilər. Şəffaf apellyasiya mexanizmi də olmalıdır. Şagird və valideyn düşünürsə ki, uşağın qiyməti kəsilib və haqsız qiymət verilibsə, müraciət edə biləcəyi real mexanizm mövcud olmalıdır. Məncə, problem təkcə pis müəllim deyil, sistemin boşluğundadır. Mən problemi daha çox sistemdə görürəm. Qiymətləndirmə nə qədər şəffaf və çoxpilləli olsa, repetitorluq da bir o qədər məcburi ehtiyacdan çıxar, könüllü seçməyə çevrilər".
Tehsil-press.az













