Azərbaycan dilçiliyi tarixində ilk

Azərbaycan dilçiliyi tarixində ilk Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq, Azərbaycan dilçisinin kitabı Avropada çap olunub.

AMEA Dilçilik İnstitutundan Tehsil-press.az-a verilən məlumata görə, Londondakı “Cambridge İnternatilonal Pres” nəşriyyatında filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin “Phonetics and phonlogy problems” (“Fonetika və fonologiya problemləri”) kitabı işıq üzü görüb.
258 səhifəlik kitabın giriş sözünü ingilis mütəxəssis Devid Perri yazıb. Kitabda həmçinin “Müəllifdən” başlıqlı yazı da yer alıb.
Əsərdə dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında, eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı bilgi verilib. Kitabda dilimizin fonetika və fonologiyasının nəzəri məsələri müzakirə olunur, dilçiliyimizin obyekti və vəzifələri şərh edilir. Eləcə də burada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı ilişgilər, fonetikanın başqa elmlərlə əlaqəsi araşdırılır.
Adıçəkilən kitabda danışığın kommunativ özəllikləri də diqət mərkəzinə gətirilir. Azərbaycan dilinin fonetik quruluşunun və fonoloji sisteminin eksperimental yolla araşdırılması da nəzərdən keçirilir.
Qeyd edək ki, bu, Azərbaycan dilçiliyi tarixində ilk kitabdır ki, Avropada çap olunur. Kitabı ingiliscəyə ADU-nun dosenti Vahid Əkbərov tərcümə edib. Kitabın xaricdə birinci nəşri 2008-ci ildə Türkiyədə işıq üzü görüb. Sözügedən kitabın payızda Bakıda nəşriyyat tərəfindən təqdimatı keçiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər