Texniki Universitetin professorunun monoqrafiyası Almaniyanın “Springer” nəşriyyatında dərc edilib

Texniki Universitetin professorunun monoqrafiyası Almaniyanın “Springer” nəşriyyatında dərc edilib “Çarxqolu-sürüngəc mexanizmlərin dinamikası” (Dynamics of Crank-Piston Mechanisms) adlanan monoqrafiyanı professor Valeh Baxşəliyev gürcü həmkarı, Maşın və Mexanizmlər üzrə Beynəlxalq Federasiyanın (İFToMM) həmsədri Nodar Davitaşvili ilə birgə hazırlayıb.
İngilis dilində yazılan monoqrafiya neft və qaz sənayesində geniş istifadə olunan pistonlu maşınların (kompressor və nasosların) kinematik cütlərindəki araboşluqları izah edir. Bundan əlavə kitabda materialların mexaniki xüsusiyyətləri, real işçi rejimi, sürtünmə və zərbə prosesi nəzərə alınmaqla bu maşınların və mexanizmlərin dinamik analizi də yer alıb.
Kitabda verilən elmi-tədqiqat metodikası, elmi nəticələr və praktiki tövsiyələr “Springer” nəşriyyatının ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, monoqrafiya Azərbaycan Texniki Universitetinin qoşulduğu Avropa Birliyinin VII Çərçivə Proqramı üzrə icra edilən layihə əsasında yazılıb. Proqramda Azərbaycanla yanaşı Almaniya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələri təmsil olunub.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər