Dillər Universitetində Səməd Vurğunun fransız dilinə tərcümə edilmiş şeirlər toplusundan ibarət kitabın təqdimatı keçirildi

Dillər Universitetində Səməd Vurğunun fransız dilinə tərcümə edilmiş şeirlər toplusundan ibarət kitabın təqdimatı keçirildi 24 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin “SABAH” mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın görkəmli xalq şairi, dahi dramaturq, ictimai xadim Səməd Vurğunun fransız dilinə tərcümə edilmiş şeirlər toplusundan ibarət kitabın təqdimatı keçirildi. Haqqında danışılan kitab şairin mərhum qızı Aybəniz Vəkilovaya həsr olunub.

Görüşdə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında geniş məlumat verildi, şairin öz dilindən şeirləri nümayiş olundu, qızı Aybəniz Vəkilova və özü haqqında məlumatların əks olunduğu videoçarx təqdim edildi.
Açılış nitqi ilə çıxış edən rektorun müşaviri Vazeh Əsgərov qonaqları ADU-da görməkdən şad olduğunu dilə gətirdi. O, öncə tərcümə işinin çətinliyindən danışaraq kitabı fransız dilinə çevirən Aygün Vəkilovanın bu işin öhdəsindən layiqincə gəldiyini bildirdi. Müşavir bugünkü tədbirin Azərbaycan ədəbiyyatında xüsusi rolu olan bir şairin xatirəsinə həsr olunduğunu söylədi, görüşü Səməd Vurğunun yaradıcılığının işıqlandırılması baxımından yüksək qiymətləndirdi.
Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə Vəkilova muzeyin yaranma tarixi haqqında ümumi məlumat verdi. O, 2016-cı ilin “Vurğun ili” elan olunması münasibəti ilə Səməd Vurğuna həsr olunan bir sıra tədbirlərin keçirildiyini söyləyərək bu görüşün də təşkil edilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını ifadə etdi. Səməd Vurğunun yaradıcılığından bəhs edərkən xalq şairinin zəngin ədəbi irsinin olmasından danışan Nüşabə Vəkilova, onun “Azərbaycan” şeirinin poeziyamızın unudulmaz incilərindən sayıldığını sözlərinə əlavə etdi. Xalq şairinin oğlu Vaqif Səmədoğlu ilə bağlı xatirələrini iştirakçılarla bölüşən Nüşabə Babayeva çıxışının sonunda gəncləri şair haqqında maarifləndirici məlumatlarla tanış etmək məqsədi ilə Səməd Vurğunun ev muzeyini ziyarətə dəvət etdi.
“SABAH” qruplarında fransız dili müəllimi, kitabı fransız dilinə tərcümə edən, eyni zamanda S.Vurğunun yaxın qohumu Aygün Vəkilova kitab haqqında ümumi məlumat verərək, bir neçə hissədən ibarət olan kitabda şairin həyat yoldaşı, övladları, yazdığı məktublardan ibarət məlumatların yer aldığını nəzərə çatdırdı. Səməd Vurğun poeziyasına müraciət etməyin məsuliyyətli olduğunu bildirən Aygün Vəkilova kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Sonda çıxış edən ADU “SABAH” qruplarının müəllimi Əzizağa Nəcəfzadə Səməd Vurğun yaradıcılığının təhlil olunmasının vacibliyindən danışdı, əsərin tərcümə olunması ilə ona yeni ruh verildiyini qeyd etdi.
Tədbirdə xalq şairinin qızına həsr etdiyi “Aybəniz” şeiri tələbələr tərəfindən fransız dilində səsləndirildi. Daha sonra “SABAH” qruplarının III kurs tələbəsi Gülnar Mustafayeva şairin yaradıcılığının ən dəyərli incilərindən olan “Azərbaycan” şeirini söylədi.
Görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

ADU-nun Mətbuat Şöbəsi

Oxşar xəbərlər