ABŞ Prezidenti Donald Trampın İranla bağlı verdiyi son bəyanatda qeyd etdiyi "hədiyyə"nin mahiyyəti məlum olub. Söhbət rəsmi Tehranın Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı qəbul etdiyi yeni qərardan gedir.Politoloq Malek Dudakovun fikrincə, Trampın "hədiyyə" adlandırdığı addım əslində İranın bəzi ölkələrin gəmilərinə boğazdan keçmək icazəsi verməsidir. Hazırda Tehran özünə yaxın hesab etdiyi dövlətlərin, xüsusilə Hindistan və Çinin tankerlərinin bu yoldan istifadəsinə şərait yaradır. İran bu prosesdən ciddi maliyyə qazanır və hər keçən tankerdən təxminən 2 milyon dollar gəlir əldə edir.
Bu vəziyyət müəyyən mənada Vaşinqtonun da işinə yarayır. Belə ki, Hörmüz boğazından neft daşınmasının qismən bərpası qlobal enerji böhranının fəsadlarını yumşaltmağa kömək edir. Lakin politoloq vurğulayır ki, Trampın bu durumu ABŞ-nin qələbəsi kimi təqdim etməsi real mənzərəni əks etdirmir. Çünki boğaza nəzarət hələ də tamamilə İranın əlindədir və bu da Tehranın regiondakı mövqelərini daha da möhkəmləndirib.
Ekspert hesab edir ki, Ağ Ev rəhbəri mövcud reallığı öz xeyrinə yozmağa çalışır. Trampın "qələbə" çıxışları Yaxın Şərqdə baş verən obyektiv hadisələrlə üst-üstə düşmür və daha çox daxili auditoriyaya hesablanmış virtual uğur görüntüsü yaradır.
Xatırladaq ki, martın 24-də Donald Tramp Hörmüz boğazı ilə bağlı İrandan qiymətli "hədiyyə" aldıqlarını bəyan etmişdi.
Tehsil-press.az








