Qeyd olunmalıdır ki, QS tərəfindən açıqlanan “QS World University Rankings by Subject 2026” nəticələrinə əsasən, BDU geniş ixtisas kateqoriyaları üzrə Təbiət elmləri (“Natural Sciences”) sahəsində 401–500, Mühəndislik və texnologiya (“Engineering and Technology”) sahəsində isə 501–550-ci diapazonda qərarlaşıb. Bununla yanaşı, dar ixtisas sahələri üzrə BDU Neft-qaz mühəndisliyi (“Petroleum Engineering”) sahəsində 51–100-cü, Müasir dillər (“Modern Languages”) üzrə 151–200-cü, Riyaziyyat (“Mathematics”) üzrə 251–300-cü, Hüquq (“Law”) üzrə 301–350-ci, Kimya mühəndisliyi (“Chemical Engineering”) üzrə 401–450-ci, Fizika və astronomiya (“Physics and Astronomy”) üzrə 401–450-ci, Kimya (“Chemistry”) üzrə 451–500-cü, Kompüter elmləri və informasiya sistemləri (“Computer Science and Information Systems”) üzrə isə 601–650-ci diapazonda yer alıb.
BDU ötənilki reytinqdə yer aldığı iki dar ixtisas sahəsi üzrə nəzərəçarpacaq irəliləyiş əldə edib. Belə ki, Neft-qaz mühəndisliyi (“Petroleum Engineering”) sahəsində 151–175-ci diapazondan 51–100-cü diapazona, eləcə də Riyaziyyat (“Mathematics”) üzrə 501–600-cü diapazondan 251–300-cü diapazona yüksəlib.
Reytinq nəticələrinə əsasən, ilk dəfə olaraq Bakı Dövlət Universitetinin 1 ixtisası qlobal miqyasda TOP 100-lükdə, 7 ixtisası TOP 500-lükdə yer alıb ki, bu da ötən illə müqayisədə 7 dəfə artım deməkdir.
QS tərəfindən dərc olunan “QS World University Rankings by Subject” ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisas üzrə qlobal səviyyədə qiymətləndirilməsini təmin edən nüfuzlu beynəlxalq reytinq siyahısıdır. Bu reytinq universitetləri geniş və dar ixtisas sahələri üzrə akademik nüfuz, işəgötürən reputasiyası, elmi istinadlar və beynəlxalq əməkdaşlıq kimi meyarlar əsasında dəyərləndirir. Məqsəd abituriyentlərə, tədqiqatçılara və təhsil müəssisələrinə konkret sahələr üzrə ən güclü universitetləri müəyyənləşdirməkdə dəstək olmaqdır.
BDU-nun “QS World University Rankings by Subject 2026” nəticələrində əldə etdiyi uğurlar Universitetin elmi-tədqiqat potensialının, tədris keyfiyyətinin və beynəlxalq akademik nüfuzunun artdığını bir daha təsdiqləyir. Sözügedən nailiyyətlər BDU-nun qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə, eləcə də Azərbaycanın beynəlxalq akademik reytinqlərdə daha geniş təmsil olunmasına töhfə verir.
Bu uğur münasibətilə BDU kollektivini ürəkdən təbrik edirik. Eyni zamanda, müvafiq reytinq siyahısında yer alan digər ali təhsil müəssisələrini də təbrik edir, onlara uğurlar diləyirik.
Tehsil-press.az







