Orduda yaş həddi qaldırıldı – Bu ölkədə

Orduda yaş həddi qaldırıldı – Bu ölkədə Pentaqonun rəsmi nəşri “Stars and Stripes” ABŞ Silahlı Qüvvələrində xidmətə qəbul şərtlərində edilən mühüm dəyişikliklər barədə məlumat yayıb.

Yeni qaydalara əsasən, orduya qəbul üçün maksimum yaş həddi 35-dən 42-yə qaldırılıb.

Bildirilib ki, bu addım ordunun şəxsi heyətini digər qoşun növləri ilə eyniləşdirmək məqsədi daşıyır. Hazırda ABŞ Hərbi Hava Qüvvələri, Kosmik Qüvvələr və Sahil Mühafizəsində də yaş həddi 42-dir. Müqayisə üçün qeyd edək ki, Hərbi Dəniz Qüvvələrində bu rəqəm 41, Dəniz Piyadaları Korpusunda isə 28 təşkil edir.

Yeniliklər təkcə yaş həddi ilə məhdudlaşmır. Artıq marixuana saxladığına görə cəmi bir dəfə məhkumluğu olan şəxslər də xüsusi icazə tələb olunmadan hərbi xidmətə qəbul edilə bilərlər. Ordu rəsmiləri bu qərarın xidmət standartlarını müasir tələblərə uyğunlaşdırmaq niyyəti daşıdığını bildiriblər.

Analitiklər yaşlı əsgərlərin ordu üçün daha səmərəli olduğunu vurğulayırlar. Tədqiqatlar göstərir ki, 25-35 yaşlı hərbçilərin ilkin təlimlərdən yayınma ehtimalı gənclərə nisbətən 15 faiz daha azdır. Eyni zamanda bu yaş qrupunun hərbi müqaviləni yeniləmə faizi 6 faiz daha yüksəkdir.

Xatırladaq ki, ABŞ ordusu oxşar addımı 2006-cı ildə İraq və Əfqanıstandakı hərbi əməliyyatlar zamanı kadr çatışmazlığını aradan qaldırmaq üçün atmışdı. 2016-cı ildə yenidən 35-ə endirilən yaş həddi, hazırkı regional çağırışlar fonunda yenidən artırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər