"Cənubi Qafqazda yeni dövr başlayıb” – Prezidentin səfəri regionun gələcəyini müəyyənləşdirir

"Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Azərbaycanın hərbi-siyasi qələbələri ilə regionda yaranan və ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılıqlarla praktik mərhələyə qədəm qoyan sülh reallığında Bakı və Tiflis arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər. Dövlət başçısının bu gün gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə təkbətək görüşündə də ifadə olunduğu kimi, Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır və yeni reallıq, heç şübhəsiz ki, çoxvektorlu münasibətlərimizə daha səmərəli nəticələr naminə yeni baxış tələb edirdi".

Bu fikirləri Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə geniş spektrini və uğurlu inkişaf yolunu təhlil etdikdə, təbii ki, ali səviyyədə kommunikasiyanın davamı yeni reallıqda maraqların uzlaşdırılması baxımından zəruri idi: "Cənubi Qafqazın ən böyük hərbi münaqişəsi olan Azərbaycan və Ermənistan arasında müharibənin başa çatması, regionda de-fakto sülh, ölkəmizin nəqliyyat-kommunikasiya habı kimi rolunu gücləndirməsi, xüsusən Orta Dəhlizin ən etibarlı seqmenti kimi çıxış etməyə başlaması fonunda, heç şübhəsiz ki, Bakı və Tiflis arasında ali səviyyədə dialoq Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmini daha da artıra bilər. Sirr deyil ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində hərbi-siyasi zəfərləri ilə yaratdığı yeni konfiqurasiya bütövlükdə bölgə üçün yeni bir dövr başladıb. Yeni şərait artıq Cənubi Qafqazda qeyri-region dövlətlərin, xüsusən qlobal imperializmin diktə ilə danışa biləcəyi dövrləri məhz cənab İlham Əliyevin qətiyyəti sayəsində arxada qoyub. Bu isə Azərbaycan və Gürcüstan arasında qarşılıqlı olaraq maraq və mənafelərin tam təmin olunduğu və iqtisadi əhəmiyyətli strateji xarakter daşıyan layihələrin önəmini artırır. Həmçinin, istər bu layihələr, istərsə də bütün səviyyələrdə əməkdaşlığın dərinləşdirilməsinin effektivlik əmsalını da artırmaqdadır".

MM üzvü onu da diqqətə çatdırıb ki, qlobal miqyasda ayırıcı xətlərin daha da dərinləşdiyi, hərbi ritorikaya daha çox üstünlük verildiyi, o cümlədən Qafqazdan şimalda və cənubda qanlı müharibələrin getdiyi bir şəraitdə Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq artıq regional deyil, beynəlxalq məzmun daşıyır: "Xüsusən məhz bu əməkdaşlıq, o cümlədən Azərbaycan və Ermənistan arasında real sülhün formalaşması ilə Ermənistanın da bu prosesə cəlb olunması perspektivi cənab İlham Əliyevin liderliyində Cənubi Qafqazı iqtisadiyyatların bəşəri qovşağına çevirməkdədir. Ötən dövr ərzində Azərbaycan və Gürcüstan arasında bu istiqamətdə əməkdaşlığın gözəl nümunəsi formalaşıb və heç şübhəsiz ki, yeni reallıqda da əvvəlki dövrün təcrübəsinə istinad qaçılmazdır. Bu mənada, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri yalnız iki ölkə arasında münasibətlərin gələcəyinin vektorlarını yox, bütövlükdə regionun yeni geosiyasi şəraitdə inkişafının direktivlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyətə malikdir".

Tehsil-press.az

Oxşar xəbərlər