
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak edib.
Təhsil naziri Cəfər Cəfərovun ADPU-nun rektoru təyin olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb və yeni rektora fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
ADPU-nun rektoru Cəfər Cəfərov ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib.
Cəfər Cəfərov 1983-cü ildə Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1983-1987-ci illərdə MDU-nun aspirantı olub. 1987-ci ildə tarix elmləri namizədi, 2010-cu ildə isə tarix elmləri doktoru alimlik dərəcələrini alıb, professordur.
C.Cəfərov 1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, müəllim, dosent, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, tələbə elmi cəmiyyətinin elmi rəhbəri, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 1994-1998-ci illərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi, 1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Azərbaycanda Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin direktoru, 2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin “Daxili turizmin inkişafına dəstək” birgə layihəsinin milli koordinatoru olub. 2006-2016-cı illərdə Azərbaycan Turizm İnstitutunun və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində çalışıb.


Tehsil-press.az