BDU rektoru Elçin Babayev uşaq yaşlarından həyatın çətinlikləri ilə mübarizə aparan və bu mübarizədən qalib çıxan Sərkan Bayramın hekayəsinin gənclər üçün çox ibrətamiz olduğunu vurğulayıb. O, sağlamlıq imkanları məhdud şəxslərə və inklüziv təhsilə Bakı Dövlət Universitetində də xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb. Belə görüşlərin gənc nəslin mənəvi keyfiyyətlərini təkmilləşdirdiyini, onlara əzmkarlıq, empatiya, həssaslıq, xəyallardan vaz keçməməyi aşıladığını bildirib.
Sonra söz qonağa verilib. Sərkan Bayram tələbələri öz həyat hekayəsi əsasında qələmə aldığı “Buğda dənəsi” kitabı və onun missiyası ilə tanış edib. Hələ körpə ikən buğda tarlasında baş verən yanğında əllərini itirən Sərkan Bayram səbrlə həyat mübarizəsi apardığını, heç vaxt ümidini itirmədiyini, bu qətiyyətin minlərlə insanı yaşamağa ruhlandırdığını qeyd edib: “Biz yıxılanda deyil, təslim olanda itiririk. Ona görə əllərimlə tuta bilmədiyimi ürəyimlə tutdum və heç vaxt buraxmadım. “Buğda dənəsi” ümidə gedən yolçuluqdur və tək mənim deyil, milyonların səsi, milyonların hekayəsidir”.
O, öz həyat hekayəsinin sağlamlıq imkanları məhdud insanlara vaz keçməməyi, qəyiyyətlə mübarizə aparmağı və uğur qazanmağı öyrətdiyini deyib. Cəmiyyətdə sevginin, empatiyanın, anlayışın yayılmasına töhfə verən belə addımların gənclər arasında da təbliğinin əhəmiyyətli olduğunu vurğulayıb.
Sonda qonaq BDU tələbələrinin suallarını cavablandırıb.
Tehsil-press.az








