İzləmə prosesindən sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov başda olmaqla qonaqlar monitorinqin nəticələrini müzakirə etmək məqsədi ilə dəyirmi masa ətrafına toplaşdılar. Onları yenidən ADU-da görməkdən şad olduğunu bildirən professor Dünyamin Yunusov imtahan prosesinin müvafiq qaydalara uyğun təşkil edilməsi, tədrisin keyfiyyətinə nəzarət, fənlər üzrə imtahanların keçirilməsi və bu zaman obyektivliyin, qərəzsizliyin təmin olunması üçün lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. O, birgə fəaliyyətin obyektivliyin və şəffaflığın genişlənməsinə, yarana biləcək neqativ halların aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdıraraq imtahan prosesinin gedişatına monitorinqin tətbiq edilməsinin vacibliyini vurğuladı.
Sonra çıxış edənlər şəffaflıq və obyektivlik əsas götürülərək imtahan prosesinin müvafiq qaydalara uyğun baş tutduğunu, monitorinqin uğurla həyata keçirildiyini və nəticələrdən razı qaldıqlarını qeyd etdilər. Onlar, eyni zamanda səsləndirilən bir sıra təkliflər haqqında fikir mübadiləsi apardılar.
Xatırladaq ki, 01 iyun 2016-cı il tarixindən Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verilib. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yusunov 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə mayın 6-da 33 saylı əmr imzalayıb. Yay imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
Qeyd edək ki, ADU-da imtahan yazı yoxlama otaqlarına nəzarət kameraları da quraşdırılıb.
ADU-nun Mətbuat Xidməti



