
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov çıxışında insanın ömür səhifələrində sevimli günlərin sayının çox olduğunu söylədi, bu mənada tələbəlik illərinin xüsusi rolundan bəhs etdi. Universiteti bitirməyə sayılı günlərin qaldığını deyən professor gəncliyimizlə fəxr etdiyini dilə gətirdi. ADU-nun məzunu olan gənclərin yüksək vəzifələrdə çalışdıqlarını deyən D.Yunusov tələbələrə uğurlar arzuladı, onlara biliklərini daim artırmağı, özlərini inkişaf etdirməyi tövsiyə etdi.
Tədbirdə bəstəkar-müğənni Murad Arif musiqi nömrəsi ilə çıxış etdi, tələbə Aida Qocayeva “Mirrors” mahnısını oxudu, tələbələrin ifasında “Vals” və “Mixed dance” rəqsləri nümayiş olundu. Universiteti bu il bitirəcək tələbələrin “Təhsil aldığınız 4 ildə universitet sizə nə verdi?” sualının cavablarını əks etdirən videoçarx nümayiş olundu.
Tədbirdə təhsil aldıqları müddətdə tədrisdə və ictimai həyatda fəallıqları ilə seçilən tələbələr universitet rektorunun əmrinə əsasən təşəkkürnaməyə layiq görüldülər.
Məzun olacaq tələbələr tələbəlik illəri haqqında xatirələrini bölüşdükdən sonra tələbə Coşğun Dadaşovun pianoda müşayiəti ilə tələbə Nəzifə Quluzadə “Tələbə” mahnısını ifa etdi.
Tələbə Amil Eldarov “I love you Xarici dillər” repini ifa etdikdən sonra qonaqların iştirakı ilə tort kəsildi.
ADU-nun Mətbuat Şöbəsi
