
Qeyd edək ki, BDU rektorunun imzaladığı əmrə əsasən iyunun 30-da başa çatacaq yay sessiyasında imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apelyasiya komissiyaları təşkil edilib.
İmtahan prosesinin təşkilindən və keçirilməsindən, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluqlarını bildirən “Açıq qapı” günü iştirakçıları obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Mətbuat və informasiya şöbəsi


