V ixtisas qrupu və kolleclərə qəbul imtahanlarının nəticələri açıqlandı

V ixtisas qrupu və kolleclərə qəbul imtahanlarının nəticələri açıqlandı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 5-də V ixtisas qrupuna və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.

Komissiyadan Tehsil-press.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində aprılıb.
Nəticələr iyulun 6-da saat 17:30-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 23 504 abituriyentdən 4919 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 18 585 abituriyentdən 22 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Həmçinin TQDK iyulun 5-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində mərkəzləşdirilmiş qaydada təşkil olunub.
İmtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. 1 sual bir balla qiymətləndirilir və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Ümumi balı 16-dan, hər bin fənn üzrə balı 8-dən az olmayan abituriyentlər ixtisas seçiminə buraxılır.
İmtahan nəticələri iyulun 6-da saat 17:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 13 039 abituriyentdən 2020 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11 019 abituriyentdən 6 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. 7268 abituriyent müsabiqə şərtini ödəyərək ixtisas seçimində iştirak etmək hüququ qazanıb.
İxtisas seçimi iyulun 8-dən 18-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.


Tehsil-press.az

Oxşar xəbərlər