Bakı Ali Neft Məktəbi və “Schlumberger” şirkəti arasında səmərəli əməkdaşlıq davam edir

Bakı Ali Neft Məktəbi və “Schlumberger” şirkəti arasında səmərəli əməkdaşlıq davam edir Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schlumberger” şirkəti arasında əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə davam etdirilməkdədir. Bu barədə şirkətin Rusiya və Xəzər regionunda Universitetlərlə əlaqələr üzrə meneceri Andrey Gerdyuş BANM-də rektor Elmar Qasımovla keçirilən görüş zamanı bildirmişdir. Cənab Gerdyuş 2014-cü ildə yaradılan əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək bu əməkdaşlıqdan şirkət rəhbərliyinin olduqca məmnun olduğunu diqqətə çatdırmışdır.
Görüşdə, həmçinin “Schlumberger” şirkətinin Xəzər regionunda işəgötürmə üzrə meneceri Asset İskakov da iştirak edirdi. Cənab İskakov artıq BANM tələbələrinin potensial kadrlar olaraq nəzərdən keçirildiyini və onlar üçün gələcəkdə şirkətdə gözəl karyera imkanlarının olduğunu bildirmişdir.
Qonaqları BANM-də görməkdən məmnun olduğunu bildirən BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə mühəndis kadrların hazırlığı prosesinə şirkətin verdiyi töhfələrə görə təşəkkürünü ifadə etmişdir. O, Ali Məktəbin yeni kampusunda gedən tikinti-tamamlama işləri barədə qonağa məlumat verərək şirkətin təchizat dəstəyi ilə burada laboratoriya quruması imkanının nəzərdən keçirilməsini təklif etmişdir.
Xatırladaq ki, 2014-cü ildə BANM və “Schlumberger” şirkəti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilə çərçivəsində hər il şirkətin mütəxəssisləri tərəfindən BANM-in tələbələri üçün müxtəlif mövzular üzrə təqdimatlar keçirilir və tələbələr şirkətin strukturlarında yay istehsalat təcrübəsi keçir. Eyni zamanda, “Schlumberger” tərəfindən BANM-in mütəxəssisləri üçün neft-qaz və avtomatika sahəsində geniş tətbiq olunan bir sıra proqram təminatları ilə bağlı təlimlər keçirilir.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər