TAPDIQ ƏLİBƏYLİ: YOL GEDİRƏM QƏLƏMLƏ

TAPDIQ  ƏLİBƏYLİ:  YOL  GEDİRƏM  QƏLƏMLƏ Daş basılıb həqiqətin ağzına,
Baxılmayıb nə ağına, bozuna...
Bulanıram bu yolların tozuna,
Səfərdəyəm, yol gedirəm qələmlə.


(Tapdıq ƏLİBƏYLİ)


Hərə bir cürədir–bəziləri yalnız yaxşını qabardır, pisin üstünü malalayır, gizlədir, hər şeydə yaxşı görüntü yaratmağa çalışır. Bəziləri isə yalnız pisi axtarır, tapır və qabardır. Bu da düz deyil, ədalətli deyil. Ən ədalətlisi odur ki, düzü-düz, əyrini-əyri yazasan yol gedəndə qələmlə. Hər halda mən belələrini xoşlayıram, belələrinə rəğbət bəsləyirəm. Tapdıq Əlibəylini də belələrinin sırasında görürəm və bunun üçün də onun 55 illiyi münasibətilə bəzi fikirlərimi bildirirəm.
Azərbaycan cəmiyyətində müasir ədəbi nəslin layiqli nümayəndələrindən biri də özünəməxsus yer tutmuş şair-publisist Tapdıq Əlibəylidir. Onun bir sıra əsərlərini oxumuşam: “Haqqa dayaq doğulmuşuq”, “Torpağın səsi”, “Ovqatımın aynası”, “Yol gedənindir”, “İman qaynağı“, “Fəzilət yolu”, “Söz dərgahına merac”, “Nisgil odu”, “Zirvə işığında, dağlar qoynunda”, “Soyqırım: Nahaq qan yerdə qalmaz”, “Zaman keçər, söz qalar”, “Zirvələr səhər nurunda”, “Könül ziyarəti”, “Poetik buta”, “Məslək”, “Sözün dan yeri”. Bundan başqa Tapdıq Əlibəylinin bir sıra aktual məsələlərə aid publisistik oçerk və məqalələri də maraq doğurur: “İnformasiya təlabatına məsuliyyətlə yanaşmalıyıq”, “Cəmiyyətdə məslək amplualığı illüziyalığı da şəffalaşdırdı”, “Söz bəzəyən, yaxud dərdmənd anonsçuların manifesti”, “Mətbuat kabusu: jurnalist donunda hərzə mirzəlik”, “Qəlpə yaddaşı”, “Tənqid faktlara deyil, təxəyyülə söykənirsə...”, “Ruhani duyum, insanlıq səsi”, “Əkilən torpaq tək söz də göyərər”, “Zəfər ovudcaq torpağın ahın”, “Sənət ecazkarliğı”, “Ölüm – baharla payızın gözəlliyitək”, “Sözün həyat nəfəsi”, “Söz kəhkəşanında poeziya bürcü”, “ Ağsaqqal – sabaha Dədəlik yolu”, “Qəlbin səsindən doğulan söz”, “Duyğuların şəfəqləndiyi poeziya”, “Dilin yaddaşını oyandıran nəsr”, “Sən ki bələd bu dünyaya” və s.
Tapdıq Əlibəylinin yazdığı əsərlər qəlbini, düşüncələrini, vətəndaş mövqeyini, arzularını gerçək həyatın müxtəlif müstəvilərində ğörməyə imkan verir. Qısa desək, şair Tapdıq Əlibəylinin də öz məqamı var Azərbaycan poeziyasında. Bu barədə neçə illər əvvəl də onun şeirlərinin bir qismini birnəfəsə oxuyandan sonra demişdim ki, Tapdıq Əlibəyli oz məqamı olan şairdir. Dilinin “açarı” ilə könlümə yol tapan və məni düşündürən şairdir Tapdıq Əibəyli!
İndi “şeir” yazan çoxdur, amma sözün bədii qüd­rə­tiylə məqam qazanmaq tamam başqa bir nəs­nə­dir. Axı yaxşı şeir ruha qidadır.
Haqlı olaraq soruşa bilərlər ki, “məqam” sözünün çoxlu mənaları var, Bəs şair Tapdıq Əlibəyli hansı məna daşıyan məqama aiddir?
Bəli, məqam sözünün mənaları: yer, məkan, məskən, vaxt, zaman, çağ, vəzifə, mərtəbə, rütbə, mənsəb, hal, vəziyyət, pillə, mövqe və s. qruplaşdırsaq, 6 qrupa bölmək mümkündür. Tapdıq Əlibəyli də poeziyada məqam etdi, yəni məskənin saldı, özünə məxsus yer tutdu. Böyük Füzulidə deyim də var: “Sandım vətənim, məqam tutdum.” Poeziya aləmi T.Əlibəylinin də məskəninə çevrildi.
Tapdıq Əlibəyli 55 il addımlayıb, çoxunu “məqam” deyə-deyə, məqam axtara-axtara, 55 addım atıb, necə deyərlər hər birini 365 günə, dünyanı dərk edəndən yol gedir qələmlə ailə sevgisinə, vətən sevgisinə doğru, mənəvi, insani dəyərlər toplusuna doğru.
Tapdıq Əlibəyli irəlilədi–“məqam” deyə-deyə...və nəhayət, həyatında, yaradıcılığında öz məqamının zirvəsini tapdı–Tapdıq Əlibəyli məqamını. Yeri gəldikcə, publisist qələmini götürdü.
Aktual movzuda yazmaq, hələ, məsələnin həlli deyil. O baxır necə yazırsan. Yəni istedadın, qabiliyyətin olmasa, yaxşı, təsirli, inandırıcı yaza bilməzsən. İstedadlı adamı da pulla almaq olar, lakin istedad keyfiyyətini nə pulla almaq olar, nə də pulla həkk etmək olar beyinə. Bu keyfiyyət bel qanının tərkibindədir, ondan asılıdır.
İndi isə şair Tapdıq Əlibəylinin poeziyasının bəzi məqamlarına nəzər salaq. Belə ki, onun yaradıcılığında vətən, torpaq, şəhid, soyqırım mövzuları demək olar bir silsilə təşkil edir. Məsələn T.Əlibəyli bir şeirində belə yazır:

Torpaq Vətənləşir şəhid qanıyla,
Vətən bütövləşir şəhid qanıyla...


Çox sadə, aydın, lakin dərin vətənpərvərlik ruhu ilə yazılmış sətirlər.Yaxud da

Vətən qısılanda, çəkəndə ahı,
Oğullar istəyir şəhid dərgahı.
Dünəni, bu günü, həm də sabahı
Hörmət minarəsi - şəhid məzarı.


Yenə də çox sadə, aydın, hətta fəlsəfi bir fikir: vətən qısılanda və ah çəkəndə vətən köynəyindən keçən oğullar mübarizəyə qalxıb şəhid dərgahına ucalmaq istəyirlər, yoxsa şəhid dərgahı tələb edir ki, oğullar vətəni uğrunda vuruşsunlar şəhid dərgahına çatanadək? Hər iki halda da aydın görünür ki, vətənin taleyi onun oğullarından asılıdır.
Fəlsəfə dedik, Tapdıq Əlibəylinin “Sözə döndü heyrətim” şeirində yoxdan varlığın yaranmasına dair belə bir fəlsəfi fikir var;

Çiçək bara dönəndə,
Yoxdan vara dönəndə…


Məlumdur ki, bu günədək idealistlə materialist arasında dünyanın, varlığın yaranması barədə mübarizə hələ də davam edir. İdealistlər əsasən Hegelə əsaslanaraq ideyanın birinci olduğunu, materialistlər isə Feyerbaxa, Marksa, Engelsə əsaslanaraq materiyanın birinci olduğunu təkid edirlər. Bunu ona görə xatırladıram ki, unutmayaq, sovetlərin iyirminci əsrin 20-30-cu illərindəki repressiya dövrü olsaydı, cəmiyyətin əssasən xeyirli adamlarından təmizlənən vaxtları olsaydı Tapdıq Əlibəyli də bir çoxları kimi Sibirə sürgün edilərdi, çünki kommunist ideologiyası Yaradanı inkar edən ateist cəmiyyət qurmuşdu. Şairin özünün “Yazıq” şeirində demişkən:

Mələk simasında şeytan olanda,
Yalan həqiqətə rübənd olanda,
Qanqal əzəzinə gülü yolanda,
Açıla-açıla solana yazıq.


Şair Tapdıq Əlibəylinin yaradıcılığında soyqırım, xüsusilə də Xocalı qətliamı mövzusu qabarıqdır. Bu müstəvidə ayrı-ayrı şeirlərdən başqa “Soyqırım: Nahaq qan yerdə qalmaz” kitabı, xüsusilə də orada yer almış “Qanına qıltan Xocalı” poeması çox dəyərlidir. Bu əsərin dəyəri əsasən ondadır ki, vətən qeyrətini, namusunu susmağa, qan yaddaşını mürgüləməyəqoymayan bir ədəbi örnəkdir. Yalançı vətənpərvərçilik qafiyələri ilə yazılmış yüzlərlə şeirlərdən ssenarilərdən fərqli olaraq necə deyərlər, iliyə qədər işləyəndir, təsirlidir. Çünki Xocalının qanlı göz yaşları, şair Tapdıq Əlibəylinin qəlbinə dolmuş, qələminə hopmuş, sonra isə kağıza axmışdır. “Qanına qəltan Xocalı” poemasından hətta bir neçə sətri oxuyanda da adamın qəlbi titrəyir, vulkan kimi alovlanır:


Ölümlə ovutdu ana körpəsin...
Boğdu, eşitməsin düşmənlər səsin.

Yadından çıxarmı görən bir kəsin
Əsrin müsibət - Xocalı səsi?..


Lakin Tapdıq Əlibəyli özlüyünə hopub yox olan, sızlayan və susan şair deyil, qələbəyə inanan və mübarizəyə çağıran, qələbəyə səsləyən vətəndaş bir şairdir. Onun “Qisasa səsləyir torpağın ahı” adlı şeirindən iki bəndə diqqət yetirək:

Günahkar yuyacaq qanla günahın,
Didərgin naləsi torpağa hopub.
Qisasa səsləyən torpağın ahın
Düşmən üzərində zəfər ovudar.


Dinlə sölərimi, ey vətən oğlu,
Cəfəng şouların meydanı deyil.
Hünərlə, zəfərlə bu qanlı yolu
Axır keçməliyik, yadda saxla, bil!

Sonda bir təmənnamı da bildirirəm. Qəbul edən etsin, etməyən də etməsin. Yaradıcı adamların hamısına qayğı gərəkdir, yalnız bir qrupuna yox. Vaxtıilə ulu öndər Heydər Əliyev yaradıcı adamlara qarşı diqqətsizliyə, biganəliyə görə öz narahatlığını bildirmiş və bu halı qınamışdı. Mən ulu öndərin sözlərini xatırlatmaqla yazımı bitirirəm: “Alimdir, şairdir, bəstəkardır, rəssamdır, yazıçıdır, artistdir–bunlar fitri istedada malik olan nadir adamlardır və öz mədəniyyəti, yaradıcılıq fəaliyyətilə bizim cəmiyyətin mədəni səviyyəsini qaldırırlar. Biz öz hərəkətlərimizlə, öz münasibətlərimizlə, öz tədbirlərimizlə gərək ziyalının cəmiyyətdə rolunu qaldıraq. Bu adamları təhqir etmək, onlara hörmət etməmək son illərdə cəmiyyətdə olan əcaibliklərdir, biz bunlara son qoymalıyıq.”

Nizami KAZIMOĞLU,
tarixçi-alim, yazıçı-publisist,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin dosenti


Oxşar xəbərlər