Rasim Balayevin ölməyə haqqı yoxdur

Rasim Balayevin ölməyə haqqı yoxdur Bəzən insan çox qəribə hissə qapılır. Bu hissi izah da etmək olmur. Sənə elə gəlir ki, bu dünyada elə adamlar var ki, onlar heç vaxt ölə bilməz. Sən onlara bu haqqı verə də bilmirsən. Bildiyin odur ki, bu şəxslər insan olmaq sərhədlərini keçiblər, xalqın dəyərinə çevrilib yaddaşına həkk olunublar. Onlar sevgi ünvanı, hər kəsin açacağı qapıdırlar.

Dünən zaman səssizcə gəlib belə qapılardan birini döydü. O qapı ki, içində işıq saçan Rasim Balayev yaşayırdı.

Rasim Balayev getdi…

Zaman gəlib bir epoxanın pərdəsini çəkdi.

Sanki Azərbaycanın kino zalında qəfl işıqlar söndü.

Adama elə gəldi ki, Babəkin qılıncı əlindən düşdü. Nəsiminin səsi küləklərə qoşulub uzaqlarda eşidilməz oldu.

Sanki Rasim Balayevin gedişi yaratdığı obrazlar da öldürdü…

Bu an hiss edirsən ki, ölüm bəzən də yanlış başa düşülən sondur. Rasim Balayevin ölümü son deyil, çünki o, ölən sənətkarlardan deyil. O, ölümləri sənətə çevirənlərdən idi. Özü necə ölə bilər ki...

O, oynadığı rolları elə yaşadı ki, onları diriltdi.

Babək, Nəsimi timsalında gördük ki, aktyorun bəzən oynadığı rol tarixi yenidən yaradır.

Odur ki, düşünürsən ki, Rasim Balayev ölə bilməz. Ölən səhnənin köhnə dekorasiyasıdır.

Rasim Balayev böyük idi, amma hamı üçün əlçatan idi. Sosial mediada hər kəs onunla şəklini paylaşır.

Rasim Balayev böyük idi, amma böyüklüyünü göstərmək üçün heç vaxt səsini qaldırmadı.

Rasim Balayev dahi idi, dahiliyini göstərmək üçün heç vaxt başqalarını kiçiltmədi.

Böyük və dahi sənətkar idi, bir dəfə “mən sənətkaram” demədi.

Uşaqla uşaq, böyüklə böyük oldu.

Yaxşı yadımdadır, Modern.az-ın 10 illik yubileyi ilə bağlı Azərbaycanın ən məşhur 10 adamından 10 saniyəlik görüntü almaq istəyirdik. İstəyimizi biləndə, çox məmnun halda razılığını bildirdi və görüşərkən yubiley tədbirində iştirak etmək arzusunu da gözlətmədi.

Bu gün Azərbaycan Rasim Balayevin şəxsində bir dövrü yola salır. Əminəm ki, Rasim Balayev bu gedişi ilə də daha çox işıq saçacaq. Buy işıq Nəsimin səsi, Babəkin qılıncı ilə bütün dünyaya səs salacaq.

Çünki Rasim Balayev artıq bir yaddaş, bir məktəbdir.

Bəli, zaman keçəcək, nəsillər dəyişəcək...

Kino yenilənəcək…

Amma hər gün açılan ekranlarda bir baxış mütləq görünəcək...

Dik, qürurlu, sarsılmaz, gülümsəyən Rasim Balayev...

Bax, o zaman anlayacağıq ki, niyə bu dünyada elə adamlar var ki, onlar heç vaxt ölə bilməz. Niyə onların ölməyə haqqı yoxdur...

Elşad Eyvazlı

Tehsil-press.az

Oxşar xəbərlər