Azərbaycanda elektron məhkəmə sistemində edilən son dəyişikliklər vəkillərin ciddi narazılığına səbəb olub.Yeni təqdim edilən platforma ilə bağlı sosial şəbəkələrdə çoxsaylı şikayətlər paylaşılır.
Vəkil Aqil Layıc bildirib ki, sistemin əvvəlki versiyası daha praktik və istifadə üçün rahat idi:
“İndiki versiya daha çox əlaqəsiz məlumatlarla doludur, sanki beta versiyadır. İşlərin siyahısını əvvəlki kimi görmək mümkün deyil, hər dəfə tapmaca kimi axtarış aparmaq lazımdır. Elektron sənəd dövriyyəsi sadəliyə yox, mürəkkəbliyə doğru dəyişib. Paneldə artıq diqqət yayındıran məlumatlar çoxdur. Açılan ekranın cəmi 30 faizi işlərə ayrılıb, halbuki əvvəl demək olar ki, hamısı bu məqsədə xidmət edirdi”.
O əlavə edib ki, sistemdən ən çox istifadə edən vəkillərin fikirləri nəzərə alınmalı idi:
“Hesab edirəm ki, vəkillərin idarəetmə panelinin müqəddəratını məhz vəkillər müəyyən etməli idi”.
Digər vəkil Rövşanə Rəhimli isə yenilənmiş sistemin artıq ilkin mərhələdə problemlər yaratdığını vurğulayıb:
“‘Sistem xətası’ deyə-deyə indidən ömrümüzə çöküb. Ümumiyyətlə, bu saytın niyə bu günə qoyulduğu məlum deyil. Açıq desək, istifadəçilərə ‘ayı xidməti’ göstərilib”.
Mübariz Yolçuyev də sistemin iş yükünün pik vaxtında problemlər yaratdığını bildirib:
“Vəkilləri sanki stres testinə salıblar. Bu qədər problem olduğu halda yeni EMS nəyə görə zəruri idi? Üstəlik, bu günlər bir çox işlər üzrə apellyasiya və kassasiya şikayətlərinin son günüdür, sistem isə işləmir”.
Fərid Həsənov isə vəziyyətə ironik yanaşaraq yazıb:
“Elektron məhkəməni hansı dronla vurdular? Məhkəmə terroruna son!”
Digər istifadəçilər də sənədlərə çıxışın məhdudlaşdığını, bəzi işlərin sistemdə görünmədiyini və bildirişlərdən işlərə keçidin mümkün olmadığını qeyd edirlər. Nərmin Süleymanlı yazır ki, “işləri az qala fənərlə axtarırıq, bəzi işlər isə sanki sistemdən yoxa çıxıb”.
Bununla yanaşı, bəzi istifadəçilər hesab edir ki, iri dövlət platformalarının yenilənməsi zamanı ilkin mərhələdə problemlərin yaranması təbii haldır. Onların fikrincə, yeni sistemlərin tətbiqi müəyyən çətinliklər yaratsa da, əsas məqsəd korrupsiya risklərini azaltmaq, sənəd dövriyyəsini sürətləndirmək və insan faktorunu minimuma endirməkdir.
Tehsil-press.az

















