Əbədiyaşar: Məmməd Araz

Əbədiyaşar: Məmməd Araz Ölümlər baş əymədən, iddialardan, yalanlardan uzaqlarda yaşadı. Yeganə şairdir ki, sağlığında adına mükafatlar təsis edildi, yaradıcılıq müsabiqələri keçirildi.

Flora XƏLİLZADƏ
Yazıçı-publisist


Bu, hər şairə nəsib olan xoşbəxtlik və tale payı deyil ki, sağlığında da, ölümündən sonra da dərin məhəbbətlə sevilsin, anılsın, şeirləri dillər əzbərinə çevrilsin. Bu sırada əzəmətlə dayanan Məmməd Araz ömrü boyu Azərbaycanda yaşayıb yaratsa da, yazdıqları dünya poeziyasının inciləri sayıldı.
Məmməd Araz 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirdikdən sonra Azərbaycan Pedoqoji İnstitutunun coğrafiya fakültəsində təhsil alıb. Bir müddət Şahbuz rayonunda müəllimlik edib. “Sevgi nəğməsi” adlı şeirlər kitabı 1959-cu ildə oxuculara çatdırılıb. Həmin il Moskvada Ali Ədəbiyyat kursuna daxil olan Məmməd Araz təhsilini başa çatdırdıqdan sonra “Maarif” nəşriyyatında redaktor vəzifəsində çalışıb. Sonralar müxtəlif qəzet, jurnal redaksiyalında, nəşriyyatda məsul katib, redaktor müavini, direktor müavini işləyib. 1975-ci ildən ömrünün sonuna kimi (2004-cü il) “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. 20-də artıq kitabən müəllifidir, respublikanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairidir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycanın ən yüksək mükafatı – “İstiqlal” ordeni alan ilk üç şairdən biri olub. Azərbaycan poeziyasının Məmməd Araz zirvəsi.
Misralarla göyərən bu ucalığın ətəklərinə çoxu həsrət qaldı. Məmməd Araz haqqında yazanlar bu möhtəşəm ucalığın kökünü həmişə təbii ilham və istedadla bağlayırlar. Mənə elə gəlir ki, bu sözləri bütün şairlər haqqında demək mümkündür. Çünki əsl şairlik elə ilhamdan, istedaddan doğulur. Məmməd Araz bütün bu ziddiyyətlərlə dolu dünyadan, elə öz şair dostlarının arasında bir ox kimi sıyrılaraq elə bir ucalıqda dayandı ki, biz bu zirvədə ancaq onu gördük. Məmməd Araz son dərəcə təvazökar, səmimi kövrək, həm də zahirən çox fağır, solğun təsir bağışladığından bəlkə də çoxumuz dərk edə bilmirdik ki, ətrafımızı bürünmüş adiliyin içində necə böyük bir dahi ilə üz-üzəyik. Çəkdiyi ağrılara da, cəfaya və şəfaya da özü daha yaxşı bələd idi. Uzun illər ağır xəstəlikdən əziyyət çəkdi. Amma ilhamı da, istedadı da həmişə təzə və saf idi. Qələmini çox dərindən işlədirdi. Ölümün qara üzünə şeirləri ilə meydan oxuyurdu. Öz inkarında özünü təsdiqləyirdi:

Əbədiyaşar: Məmməd Araz

Qələm var əlimdə,
Gör neçə ildir?
Bir nəğməm dillərə nə vaxt düşəcək?
Mənim gedişimlə nə deyişəcək?


Bu bənzərsiz şairin poeziyası ilə bağlı Azərbaycanın xalq yazıçısı Anarın çox dəqiq, ədəbi ölçüləri: “Məmməd Araz şerində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burda, nə də darısqal dil köynəyində çırpınan düşüncülər... Məmməd Araz poeziyasının mehvəri vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında həm nikbin, həm də nigaran qənaətlərdir”.

Azərbaycan – mayası nur, qayəsi nur ki...
Hər daşından alov dili ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Böyük Azərbaycan şairin Füzuliyə hörmət və onu sevmək Azərbaycanı sevmək deməkdir. Bu iki doğmanın arasında şairin çox ustalıqla yaratdığı vəhdət təbiidir. Məhəmməd Araz bədii sözün rəssamı idi.
Sözlə elə tablolar yaradırdı ki, onun misraları gözümüzün önündə heyrətli bir mənzərəyə çevrilirdi.

Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində bir qaya.


Əbədiyaşar: Məmməd Araz

Bu adicə, şeir tablo deyil. Bu, Azərbaycanın əzəmətli heykəlidir, sadəcə qranitdən, mərmərdən deyil, sözdən yoğrulub, sözdən qurulub. Dünya ədəbiyyatı seriyasında gördüyüm, duyduğum Məmməd Arazı demək olar ki, müntəzəm oxuyuram. Onun poeziyasında doqquz planetin doqquzu da görünür. Orada həyatı, onun mənasını, fəlsəfəsini görürəm. Onunla ünsiyyətdə olmaq bir səadət idi. Yaxşı ki, o günləri indi kədər və xiffətlə xatırlasam da, qəlbimdə bir təsəlli var: Uzun müddət Məmməd Arazla bir redaksiyada çalışmışam. Ondan dəfələrlə müsahibə almışam. Həmişə dünyanın təzadlarına, qəribəlklərinə, ümumiyətlə dünyanın özünə poetik baxışı olan şairin bu mövzuda çoxlu şeiri dillər əzbərinə çevrilib. Çox təzadlar yükün çəkən bu dünyamızda nələr görməmişdi?! Bir narahatçılıq keçirirdi ki, ağıllı azaldıqca ağılsız artır. Ona görə də şeirlərində haraya çəkirdi: “Qoruyun dünyanı “ağıllı”lardan”. Bəzən də inciyəndə üzünü Tanrıya tutub deyirdi:

Odunu, suyunu dəyiş dünyanın,
Yolunu, yönünü dəyiş dünyanın,
Fəzada yerini dəyiş dünyanın
Ya rəbbim, bu dünya sən quran deyil!


Bu sərhədli, sədli dünyada ən çətin olanı nə idi görən? Bir dəfə belə bir sualla ona üz tutdum. Cavabı indi də xəyalımdan çəkilmir: “Min taleyin dərdinin bir qəlbi göynətməsi, hər ocağın üstündə özünə aş dəmləyən biganələrin çoxluğu”.
Məmməd Arazın oxucu ürəyində yaratdığı çox qəribə bir portreti var. Hər dəfə onun haqqında fikirləşəndə aşağıdakı misraları yada düşür:

Məni şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan, bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.


Uşaqlığı sovet rejminin Azərbaycanda həyata keçirdiyi ağır repressiya illərinə təsadüf edib. 1945-ci ildə atası İnfil kişini “siyasi dustaq” kimi həbs edərək 1995-ci ilə qədər Qazaxıstanda həbs düşərgəsində saxlayıblar. 1981-ci ildə 105 yaşında dünyasını dəyişən İnfil kişinin həbs edilməsində qonşu ermənilərin əli olmuşdu. Həyatın amansızlığı, insanların riyakarlığı qarşısında çox əzab çəkən, lakin heç vaxt sınmayan, əyilməyən İnfil kişi ömrü boyu el üçün çalışıb, millət üçün xeyirxahlıq etmişdi. Yaşadığı kənddə bağ salırdı, körpü tikdirdi, su çəkdirdi. Ondan aldığı həyat dərslərinə görə Məhəmməd Araz nəinki Azərbaycan ədəbiyyatının, dünya poeziyasının şedevri olan “Atamın kitabı” adlı poemasını yazdı. Bu poema, əslində, bir ibrət dərsidi. Bəlkə də daha çox bir millətin, bir xalqın bədii ensiklopediyasıdır.
Zamanın, bəxtin hökmü qarşısında insan heç nəyi dəyişməyə qadir deyil. Nə geriyə boylamaq, nə xəyala dalmaq yenilik gətirmir. İnsanın yeganə tapınacağı bir şey var – haqq! Məmməd Araz bütün ömrü boyu haqqa sarılmaq istəyi ilə yazıb yaradırdı. Sözünü elə məqamda, elə tərzdə təsirli söyləyirdi ki, insan onun şeirlərinə qoşulub dünyanın gözəlliklərinə damcı-damcı hopmaq istəyirdi. İlhamının və istedadının gücünə öz ömrünün əbədiliyinə imza atan əsərlər yazıb yaratdı.
Ən ağır, üzüntülü anlarında belə dünyanın faniliyini hamıdan çox duyduğuna baxmayaraq, ölümün qara kabusunu, caynaqlarını özünə yaxın qoymurdu. Hər dəfə üzləşdiyi qəfil itkilərdən sarsıldıqca heyrətə gəlirdi:

Əbədiyaşar: Məmməd Araz

İnana bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam uda, bəstəkar uda!
Ana dəfn oluna, gözəl qocala...
Bəlkə bir səhnədir, əsərdir bu da...


Bir insan beş addımlıq ömür yolunda nə qədər dərdlə, kədərlə, bəd xəbərlə üzləşərmiş? Amma nə gileyə dəyər nə şikayətlənməyə. Çünki verən də Allahdır, alan da! Pozulmaz yazıları məhz ulu Tanrı yazır! Məmməd Araz heç vaxt naşükür olmayıb. Dilindən həmişə xoş sözlər eşidilib, baxışlarından mehribanlıq duyulub. Gileydən, şikayətdən çox uzaq idi. Ən qəmli şeirində də insanı düşündürürdü, həyatın qədrini bilməyə, mənəvi kamilliyə, ucaldıqca kökünü görməyə, barlandıqca harınlaşmamağa səsləyirdi:

Birdən qəfil qada gəlsə: Dahilik!
İçimdən bir səda gəlsə: Dahilik!
Vay odu ki, əda gəlsə: Dahilik!
Tanrım, məni məndən qoru bu yaşda.

Belə təvazökar, sadə və böyük bir ürəyin sahibi idi Məmməd Araz! Şeirlərindən hansı misranı çəksən heyrətlidir, atalar sözü kimi müdrik və mənalıdır: “Vicdanımı ovuclara sığmadım”, ”Su olur yandıran, su tapmır yanan”, ”Boz dumanla həmdil oldum, qatarım itdi, hansı qəlbə qıfıl asdım, açarım itdi”, ”İki itə para sümük atdılar; Qarabaşda, Alabaşda nə günah”, “Yüz də çevir, min də ələ torpağı, namərdinən mərd yanaşı göyərdi”, “Alçağa da alçalan gör alçağı”, “Əbədiyyə qəhqəhə çəkər əbədi dünya”, “Gedir milyonçunun qəpik davası” və s.
Otuz ilə yaxın dərdin ən ağırı ilə mücadilədə olan “ölə-ölə yazmıram, yaza-yaza ölürəm” deyən, əyilməyən, sınmayan, ilhamının qüdrətinə söykənərək, öz mənəviyyatını, şəxsiyyətini qeyri-adi ucalıqda tutmağı bacardı Məmməd Araz! Gəlimli-gedimli dünyanın son hökmünü ağrılarını ürəyindən keçirə-keçirə duyğularımızı bir xəbərdarlıq üstündə köklədi: “Dünya mənim, dünya sənin, dünya heç kimin!”. Poetik duyğuların misra-misra kağızlara köçürən şairi insan kimi tanımaq üçün şeirlərini dönə-dönə oxumaq, poeziyasında çəkilən nümunələrə diqqətlə yanaşmaq gərəkdir.
Biz canlı klassiklə və bənzərsiz bir şairlə eyni bir səmanın altında, eyni məmləkətdə və nəhayət, eyni şəhərdə yaşadıq. İndi anlayıram ki, nə xoşbəxtimişik?
Azərbaycan poeziyasında Məmməd Araz zirvəsinin şahidi olduq. Şeirimizdə Məmməd Araz dilinin yaratdığı ucalığın ətəklərinə çoxunun əli çatmadı.
Məmmədin anası – mənim doğma bibim Cahan sinəsi bayatılı, bədahətən qafiyəli sözlər deyən bir qadın olub. Hərdən mənə elə gəlir ki, Məmməd Arazın ilk kitablarının və sonrakı nəşrlərdə bəzi şeirlərin əsl müəllifi Cahan bibim özüdür. Çünki o şeriyyətə məhz anasının laylaları, südü və deyimləri ilə Məmmədin ruhuna hopmuşdu. Anaya qismət olmayan şairlik oğulun nəsibi imiş. Bəlkə də bu səbəbdən Məmməd Araz qəlbən əmin olmaq istəyirdi ki, bir ana ürəyi nəğmə deyəndə buludlar yerə enməlidir! Bir ana ürəyi hökm eləyəndə qranit qayalar muma dönməlidir! Ona görə də Məmməd Araz bir dəhşəti uzun müddət ürəyinə yaxın qoymayıb – “Ana dəfn oluna!” Günlərin birindəcə

Əbədiyaşar: Məmməd Araz

Üzümə dəyməyir ana nəfəsi
Nə bərk yuxudayam, nə bərk yuxuda,


- deyərək üzüntülü dumanların içində yuxuların yalanına inanıb:

Mənə bir dərd olur, dərd olur neçin,
Anamı sinəmdə dəfn etməmişəm!


Məmməd Araz bütün yaradıcılığı boyu sözə bir varlıq kimi baxıb. Kimliyi, şəxsiyyəti, əqidəsi, həqiqəti olduğu kimi şeirlərində görünüb. Gözlərimin önündəcə ayrı-ayrı misralardan boylanan qüdrətli şairimizin canlı obrazı, şəxsiyyəti canlanır. Hisslər, duyğular şairi idi Məmməd Araz! Və bütün bunlardan öncə vətəndaş şairi idi! Ya bəlkə də daha çox bir o qədər diqqət çəkməyən üsyankar idi. Yarasını duzla yuduğumuz millətin xörəyinə bir çimdik duz vermədik. Əlacı, davası, dərmanı bir yana, dərdi də ucuz vermədik. Beləcə, millətimizin və bu millətin bir çox nadanlarının portretini ustalıqla yaradaraq görün nə deyirdi:

Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük.
Dözür dözüm həddinəcən,
Dözür dözüm səddinəcən,
Dözür dözüm xəttinəcən...
Sonra... Daha sonra olmur,
Sonra qara tufan olur.
Sonra “qullar dünyasının
Intiqamı yaman olur”.


Məmməd Araz poeziyası onun bütün pərəstişkarları üçün bir mənəvi işıq, bir mənəviyyat dərsidir. İlahinin yazısına və öz şairlik istedadına söykənərək qüdrətli şeirləri ilə qolumuzdan tutan, ovqatımızı təzələyən, əyilməyə qoymayan Məmməd Araz şeiri oxucuya vətənpərvərlik ruhu verir. Ömrün karvan yükünü sənətin elə incilərindən tutdu ki, gündoğandan günbatana qədər olan bir addımlıq yoldakı şərafətin fəxrini, iftixarını hələ neçə nəsil yaşayacaq, deyəcək, öyünəcək. Dillər əzbəri olan misraları var ki, ahəngindəki cəngavər gücünə və qüdrətinə görə bir orduya istiqamət verir, bütöv bir elin ürəyinə mübarizə əzmi səpir, qolumuzdan tutaraq səfərbər edir:

Ayağa dur, Azərbaycan !
Nə yatmısan qoca vulkan,
Səninləyəm ?!
Ayağa dur, Azərbaycan!
Səninləyəm ?!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!


Yaradıcılığı ilə nəinki doğma yurdunun, bütün dünyanın ədəbiyyətidir Məmməd Araz! Poeziyası doyulmaz bir çeşmədir. Şeirləri dünya ədəbiyyatında əbədi qeydiyyatda olan bir ustaddır. Bununla yanaşı, şairin poeziyasında Azərbaycan vüqarlı və vətən sevgisi sirli-sehirli bir qüdrətə dönərək görün bizi hansı məqama çağırır:

Əbədiyaşar: Məmməd Araz

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim...

Bəşərə, dünyaya məhəbbət məhz vətən sevgisindən, yurd eşqindən qidalanır. Öz kəndinin bulağına çəməninə vurğun kəsilməyən dünyanın gözəllikləri qarşısında biganə olar. Nə yaxşı ki, Məmməd Arazın poeziyasında bu başıbəlalı dünyanın təzadları da var, gözəllikləri də...
Məmməd Araz bütün varlığı, ağrı-acıları ilə birlikdə Azərbaycanın özü demək idi. Şeirlərində yurdumuzun portretini çox sərrast və təsirli yaradan şairimizin özüdə torpağımıza çox bənzəyirdi. O qədər müqəddəs, o qədər nəcib insan idi ki, dünyanın bütün yaxşılıqlarını onun adına bağlamaq, dünyanın bütün günahlarını ona görə keçmək olardı. Fəxrimiz köksümüzə sığmır ki, Azərbaycan poeziyasının əbədiyaşar Məmməd Araz var! Hərdən bilmək olmur ki, onun şeirləri niyə belə cəzbedicidir? Ovqatından asılı olmayaraq həmişə oxumaq istəyirsən və bu şeirlərin baş alıb gedən ünyetməzliyi səni kövrəldə-kövrəldə təzələşdirir, dincəldir, ruhunun ehtiyacını təmin edərək öldürə-öldürə dirildir.

Bilmədim, neylədim öz əsrimdə mən,
Neylədim gələcək nəsil deyəcək.
Bu günün ətrini nəğmələrindən
Sabaha aparan nəsim deyəcək!

Oxşar xəbərlər