Avropada ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün irəli sürdüyü “sülh planı”na görə şok və narazılıq hökm sürür.Bu barədə DV nəşri məlumat yayıb.
Alman mətbuatı yazır ki, bütün bunlar elə təsir bağışlayır ki, guya Ukrayna Rusiyaya hücum edib və indi buna görə cəzalandırılır.
Berlin qəzeti “Tagesspiegel” 1938-ci ilin məşhur “Münhen sövdələşməsi” ilə indiki plan arasında birbaşa tarixi paralellər görür. Həmin vaxt Böyük Britaniya və Fransa Çexoslovakiyanı öz ərazisinin bir hissəsini Almaniyaya verməyə məcbur etmişdi.
Qəzet vurğulayır ki, indi isə Ukraynanı təkcə ərazisinin bir hissəsindən imtina etməyə deyil, həm də silahsızlanmağa məcbur edirlər — bunu hətta Hitler də çexlərdən tələb etməmişdi:
“İndi vəziyyət daha təhlükəli olur - Ukrayna üçün, həmçinin Almaniya və Avropa üçün. Ümumilikdə Trampın planı Ukraynanın kapitulyasiyası deməkdir. Bu vəziyyət 1938-ci ildə Britaniya Baş naziri Çemberlenin Münhendə apardığı “yumşaltma siyasətini” xatırladır. Hitlerlə münasibətləri “yumşaltmaq” üçün o, Çexoslovakiyanın bölünməsinə razılaşdı. Bir il sonra isə böyük müharibə başlandı”.
“Frankfurter Allgemeine Zeitung” isə 1919-cu il Versal müqaviləsi ilə paralellər aparır. Həmin müqavilə ilə Birinci Dünya müharibəsindən sonra Almaniya Fransaya Elzas və Lotaringiyanı qaytarmağa məcbur edilmişdi. Lakin onda aqressor Almaniyanın özü idi və buna görə cəzalandırılmışdı. İndi isə qəzet qeyd edir ki, ərazilərin alınması ilə aqressor yox, aqressiyanın qurbanı cəzalandırılır.
Tehsil-press.az










