Rəsmi mövqe: Uzun illərdir ölkəyə Gülənin dinlə bağlı kitablarının idxalına icazə verilmir

Rəsmi mövqe: Uzun illərdir ölkəyə Gülənin dinlə bağlı kitablarının idxalına icazə verilmir Azərbaycanda radikal dini təşkilatların təbliğat materiallarının qarşısının alınması ilə bağlı görülən tədbirlərlə bağlı Trend-in suallarını Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov cavablandırıb:

- Ölkəyə gətirilən və Azərbaycanda nəşr edilən dini ədəbiyyatlara hansı qaydada nəzarət həyata keçirilir?
- Dövlət Komitəsi öz səlahiyyətlərinə uyğun olaraq dini ədəbiyyatın, dini məlumat materiallarının, eləcə də dini audio-video materialların Azərbaycana idxalına, ölkədə nəşrinə, istehsalına və yayılmasına müvafiq razılıqlar verir. Hər hansı dini kitab və nəşr ölkə qanunvericiliyinin tələblərini pozmursa, onun nəşrinə və ölkəyə idxalına icazə verilir. Həmin kitablar bizim şöbənin ekspertləri tərəfindən araşdırılır və qanunvericiliyə uyğun rəy verilir. Bununla yanaşı, biz hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı maddi sübut kimi götürülən dini ədəbiyyatlara, audio-video materiallara müvafiq ekspert rəyi veririk.

- Ötən il və cari ildə ölkəyə gətirilən və ölkədə nəşr olunan neçə adda dini ədəbiyyat yoxlanılıb və neçə adda kitabın yayılmasının qarşısı alınıb?
- 2015-ci ildə təkcə idxal edilən 672 adda dini məzmunlu ədəbiyyata baxılıb. Bu kitablardan 147-nin dini dözümsüzlük, ayrı-seçkilik, dini nifrət və düşmənçiliyi aşıladığına görə ölkəyə idxalına icazə verilməyib. Qalan dini ədəbiyyatların ölkəyə gətirilməsinə isə icazə verilib.
Həmçinin ölkədə dini ədəbiyyatın nəşr olunması ilə bağlı komitəyə 187 müraciət daxil olub. Həmin müraciətlərdən 5-nə razılıq bildirilməyib. Həmin dini ədəbiyyatların məzmununda dini nifrət və düşmənçilik aşılandığına görə ölkədə çapı məqsədəuyğun hesab edilməyib.
Ötən il, həmçinin hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətimiz olub. Ötən il hüquq-mühafizə orqanlarından komitəyə 506 adda dini kitab daxil olub. Onlardan 240 adda dini ədəbiyyatın zərərli olduğu aşkarlanıb. Bu barədə də hüquq-mühafizə orqanlarına müvafiq arayışlar verilib.
Bu ilin 6 ayında da bununla bağlı fəaliyyətimizi davam etdirmişik. Bu müddətdə 630 adda dini məzmunlu ədəbiyyata baxılıb. Bunlardan 40 adda kitabın ölkəyə idxalına razılıq verilməyib. Çapla bağlı isə 128 müraciət daxil olub. Onlardan 3-nün çapı məqsədəuyğun hesab olunmayıb.
Son vaxtların statistikası göstərir ki, çapı və ölkəyə gətirilməsi məqsədəuyğun olmayan dini ədəbiyyatların sayında azalma müşahidə olunur. Bu azalma tempi ildən-ilə artır.

- Ölkəyə gətirilən dini ədəbiyyatlara hansı kriteriyalarla icazə verilir? Məsələn, sosial şəbəkələrdən istənilən məlumatları yaymaq və almaq mümkün olduğu bir vaxtda bu ədəbiyyatların ölkəyə kitab halında gətirilməsinə nə dərəcədə ehtiyac var?

- İstənilən halda yazılı məlumt materialı - kitab, audio-video material ən gözəl təbliğat vasitəsidir. Radikal qruplar internet üzərindən nə qədər məlumat əldə etsələr, yaysalar da, hər kəsin internetə çıxışı lazımi səviyyədə olmadığından daha çox yazılı məlumatları yaymağa çalışırlar. Hazırda Azərbaycanda bu tendensiyanın qarşısını ümumilikdə ala bilirik. Bu gün Azərbaycan mətbəələri bizim komitənin razılığı olmadan hər hansı bir dini ədəbiyyatı nəşr etmir. Çünki bilir ki, bu həm də hüquq pozuntusudur və buna görə məsuliyyət daşıyır. Azərbaycanda bu sahəyə ciddi nəzarət olunduğundan ciddi problem yoxdur.

- Çapına və ölkəyə idxalına icazə verilməyən kitablar əsasən hansı təriqətləri təbliğ edir?
- Azərbaycan qanunvericiliyində qeyd olunur ki, insanpərvərlik prinsiplərinə, yəni humanizmə zidd olan dinlərin və yaxud dini cərəyanların ölkədə yayılması qadağandır. Hər hansı insanın əqidəsinə, bu və ya digər etiqadına görə öldürülməsinə, hansısa formada fiziki zorakılığın tətbiqinə yol açan bir təriqət varsa, bu təriqətin yayılması qadağandır. Düzdür, Azərbaycanda məhkəmə tərəfindən fəaliyyəti qadağan edilən hər hansı təriqət mövcud deyil. Amma bütün hallarda qanunvericilikdə göstərilən prinsiplərə uyğun olaraq, biz həmin dini ədəbiyyatın məzmununa üstünlük veririk. Əgər məzmunda dünyəvi dövlət əleyhinə çağırışlar varsa, yalnız özlərinin haqlı olduğunu bəyan edən təriqət və məzhəblərin digərlərinə qarşı dini düşmənçilik yaradan fikirləri varsa, həmin dini ədəbiyyatın yayılmasına icazə vermirik. Bu ədəbiyyatların içərisində həm xristian cərəyanlarından olan yehova şahidlərinin, babtistlərin, adventistlərin, həm krişnaçıların, həm sələfilərin, həm xəvariclərin, həm nurçuların, həm Fəthullah Gülənin ideyalarını, həm də radikal şiəliyi təbliğ edən ədəbiyyatlar var. Bu ədəbiyyatların siyahısı mütəmadi olaraq gömrük orqanlarına və hüquq mühafizə orqanlarına təqdim edilir.

- Son vaxtlar Türkiyədə Fəthullah Gülən camaatının (FETÖ) törətdiyi terrorun şahidi olduq. Azərbaycanda nurçular və FETÖ-çülərin olduğu bildirilir. Bunlara hansı səviyyədə nəzarət olunur?
- Ümumiyyətlə, nurçular və FETÖ camaatını ayrı-ayrı qiymətləndirmək lazımdır. Klassik nurçular siyasətə qarışmadıqlarını bəyan edirlər. Fəthullah Gülən camaatının fəaliyyəti barədə biz illər öncə müzakirələr aparırdıq, danışırdıq və KİV vasitəsilə çıxışlar edirdik. Türkiyədə bu hadisə baş verənə qədər biz Azərbaycanda bu təşkilatın savadlı insanları ələ almaqla dövlətin işinə müdaxilə etdiyini proqnozlaşdırırdıq. Türkiyədəki son hadisələr bunu göstərdi ki, onların planları baş tutmayanda silaha əl atır, çevriliş və qiyam etməkdən çəkinmirlər.
Qeyd edim ki, biz bu qrupa qarşı Türkiyədən öncə mübarizə aparmışıq. Bəziləri qeyd edir ki, Türkiyədən sonra bu şəbəkənin ikinci geniş yayıldığı ölkə Azərbaycandır, amma bu belə deyil. Hələ 2009-cu ildə qanunvericilikdə edilmiş dəyişiklikdən öncə Gülənin dini kitablarının, eləcə də onun çıxışlarından ibarət audio-video materialların kütləvi şəkildə ölkəyə gətirilməsi və yayılması Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməyib. Azərbaycanda istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq qurumlar bu istiqamətdə lazımi fəaliyyət göstərib. Biz bu şəbəkəni əvvəldən təhlükə mənbəyi kimi görmüşük.
Uzun illərdir ki, biz Fəthullah Gülənlə bağlı kitabların ölkəyə idxalına icazə vermirik. Çünki onun ideyaları savadlı kadrları tapmaq, onları yüksək səviyyədə təhsil verməklə yetişdirmək və müəyyən qurumlarda yerləşdirmək yolu ilə həmin orqanlarda gücə çevirməkdən ibarətdir. Bu tendensiya çoxdan müşahidə olunur. Ona görə də onun dinlə bağlı ədəbiyyatlarının ölkəyə gətirilməsinə razılıq verməmişik. Amma Gülən haqqında yazılmış, eləcə də onun müsahibələrindən ibarət müxtəlif dillərdə yazılmış çoxsaylı dini olmayan ədəbiyyatlar da var. Bu ədəbiyyatlar dini ədəbiyyat hesab olunmadığına görə bizim onlara rəy vermək səlahiyyətimiz yoxdur.

- Azərbaycanda nurçular və FETÖ-çülərlə bağlı icma fəaliyyət göstərirmi?
- Azərbaycanda hazırda dövlət qeydiyyatından keçən belə bir təşkilat yoxdur. Bir məsələ də var ki, hər hansı bir radikal və bölücü təriqət düşüncəsində olan insanların rəsmi icmasının olması mümkün deyil. Çünki icmalar qeydiyyata alınarkən yoxlamalar aparılır. Bu cür təşkilatlar yalnız qanundan kənar, gizli formada toplaşa, fəaliyyət göstərə bilərlər.
Məsələn, bilinir ki, nurçuların müəyyən formada dərsxanaları var və həftənin bəzi günlərində toplaşırlar. Bu barədə məlumatlar var. Amma Gülən şəbəkəsi gizli fəaliyyət göstərir ki, onlar məqsəd və məramları, bəzən dini kimlikləri də bəlli olmadan müəyyən sahələrdə oturuşmağı bacarırlar. Təbii ki, söhbət Azərbaycandan deyil, başqa ölkələrdən gedir.


Tehsil-press.az

Oxşar xəbərlər