Sülh sazişindən əvvəl ticarət?

Sülh sazişindən əvvəl ticarət? Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra ilk yükdaşıma əməliyyatı Qazaxıstan taxılının Ermənistana daşınması olub. Ötən ilin dekabrın 18-də isə Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. 22 sistern vaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Aprelin 14-də isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə yola salınıb. İndiyədək isə Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub. Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə isə bu günə kimi 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Hazırda ən çox verilən suallardan biri də budur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa və iqtisadi əlaqələr bərpa olunarsa, iki ölkə arasında iqtisadi əlaqələrin perspektivi necədir?

Milli Məclisin deputatı Vüqar Bayramov şərhində bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiq olaraq, Ermənistana enerji məhsullarının ixracatını həyata keçirir. Deputat vurğulayıb ki, Azərbaycan üzərindən Ermənistana bütün növ yüklərin daşınması ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb:

“Bu da Azərbaycanın regionda sülhə töhfəsini və dəstəyini bir daha təsdiq edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, kommunikasiyaların bərpa edilməsi, o cümlədən iqtisadi əlaqələrin genişləndirilməsi vacibdir. Bu, regionda dayanıqlı sülhün formalaşmasına xüsusi töhfə verəcək. Ermənistan və Azərbaycan arasında aparılan qiymətləndirmələr göstərir ki, ticarət dövriyyəsi 38 məhsul üzrə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında ticarət dövriyyəsi illik 300 milyon dollar ətrafında dəyişə bilər. Söhbət birbaşa qarşılıqlı idxal-ixrac əməliyyatlarından gedir. Sözsüz ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yükün daşınmasına, eyni zamanda region ölkələrinin faydalanmasına imkan yaradacaq. Təbii ki, beynəlxalq yükdaşımalardan da daha çox gəlir əldə etmək imkanı var ki, bu da praktiki olaraq, həm dayanıqlı sülh, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır”.

İqtisadçı Eyyub Kərimli isə Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistandan kənd təsərrüfatı məhsulları, əsasən də meyvə-tərəvəz, alkoqollu içkilər, mineral sular, bəzi tikinti materialları idxal oluna bilər.

Tehsil-press.az

Oxşar xəbərlər