
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, Amnistiya Qərarı ümumilikdə 10 868 nəfərə şamil edilib.
Amnisitiya Qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilib. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunub, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad ediləcəklər.
Azad olunan məhkumlardan 59 nəfəri qadın olub.
Bu Qərar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, 7 xarici ölkənin 55 əcnəbi vətəndaşına və 1 nəfər vətəndaşlığı olmayan məhkuma da şamil edilib. Cəzadan azad edilmiş şəxslərə müvafiq arayışlar təqdim olunub, onlara yardım göstərilib, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilib. Azad olunmuş xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan bir nəfər şəxs Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Amnistiya Qərarı ilə azad olunmuş məhkumlar və onları qarşılamağa gəlmiş qohumları, Azərbaycan Prezidentinə və bu humanist aktın qəbul olunmasına göstərdiyi təşəbbüsə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tehsil-press.az