
Bunu Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva Milli Məclisdə bu gün təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxışında deyib.
M.Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır: "Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı ilə yardıma ehtiyacı olan insanlara daim yardım etməyə çalışır. Təsadüfü deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər, və biz bu ümidi daim, hər zaman doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum edilən minlərlə həmvətənlərimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək, həyatlarında başqa yolu, cinayətə yer olmayan, qanunlara hörmətlə yanaşmaq prinsiplərində qurulan yeni ömür yolunu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir".
Tehsil-press.az